Kiyevdə həftəsonu Azərbaycan dili məktəbi açılıb

Kiyevdə həftəsonu Azərbaycan dili məktəbi açılıb Ukraynanın Kiyev şəhərində həftəsonu Azərbaycan dili məktəbi açılıb.
Ukrayna Azərbaycanlıları Radası tərəfindən təşkil olunan həftəsonu Azərbaycan dili məktəbinin əsas məqsədi Ukraynada yaşayan azərbaycanlı məktəblilərə ölkəmizin dili, tarixi və ədəbiyyatı barədə xüsusi dərslərin keçirilməsidir.
Məktəbin açılış mərasimində çıxış edən Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov bildirib ki, Azərbaycan dövlətinin əsas prioritet fəaliyyətlərindən biri də xarici ölkələrdə yaşayan soydaşlarımızın təhsilinin yüksək səviyyədə təşkilidir. Xüsusilə Azərbaycan dili, tarixi və ədəbiyyatının təbliği olduqca önəmlidir. Təhsil güclü olmadan bir ölkənin uğur qazanması mümkünsüzdür.
Həftəsonu Azərbaycan dili məktəbinin müəllimi, tarixçi Məhəmməd İsrafiloğlu çıxış edərək bu cür məktəblərin açılmasının əhəmiyyətindən danışıb.
“Dünyada yaşayan azərbaycanlılar milli və dövlətçilik maraqlarımızın ətrafında daha sıx birləşməlidirlər. Hədəfimiz ondan ibarətdir ki, yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız müstəqil, qüdrətli Azərbaycan dövlətini öz yanında hiss etsin. Dilini, tarixini və ədəbiyyatını sevsin”, - deyə Məhəmməd İsrafiloğlu əlavə edib.
Tədbirdə daha sonra məktəblilərin maraq doğurduğu mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər