Alimlər Sibirdə mamontların məhv olması səbəbini müəyyən ediblər

Alimlər Sibirdə mamontların məhv olması səbəbini müəyyən ediblər Torpaq nümunələri üzrə DNT-nin öyrənilməsinə əsaslanan tədqiqatın nəticələri göstərir ki, Sibirdə tüklü mamontun nəslinin kəsilməsi səbəbi insanlar deyil, iqlim dəyişikliyi olub. Tədqiqatın nəticələri “Nature” jurnalında dərc edilib.
Mamontlar və onların əcdadları Yer üzündə beş milyon ildən çox yaşayıb və həmin müddət ərzində təkcə bir buzlaq dövrü olmayıb. Minilliklər ərzində mamontlar onları ovlayan, ətindən qida kimi, sümüyündən, dişindən təsərrüfatda müxtəlif məqsədlərlə istifadə edən insanlarla yanaşı yaşamışlar. Hətta yaşı 30 min il olan fleyta mamont sümüyündən düzəldilib. Buna görə də mamont nəslinin kəsilməsi səbəblərindən biri olaraq insan fəaliyyəti göstərilir.
Kembric Universiteti Müqəddəs İohann Kollecinin professoru və Kopenhagen Universiteti yanında Lundbek Fondu Geogenetika Mərkəzinin direktoru Eske Villerslevin rəhbərliyi ilə on ölkədən alimlərin reallaşdırdığı layihə bunun belə olmadığını sübut edir.
İyirmi il ərzində alimlər Arktikada mamont qalıqlarının tapıldığı yerlərdən torpaq nümunələri toplayıb, bitki və heyvan qalıqlarının analizi üçün onlardan DNT ayırıblar. Sekvenləmə qabaqcıl texnologiyalarının tətbiqi onlara bu nümunələr üzrə ölmüş heyvanların yaşayış şəraitini bərpa etməyə imkan verib.
Tədqiqatçıların fikrincə, problem iqlim dəyişikliyində deyil, onun sürətindədir. İstiləşmə zamanı landşaft kəskin dəyişəndə, otlaqların yerini meşə və bataqlıq tutanda və qida azalanda nəhəng heyvanlar mühitə lazımi qədər tez adaptasiya ola bilməyib.
Müəlliflər e-DNT əsasında yaradılmış xəritəni tüklü mamont populyasiyalarının yayılma xəritəsi ilə birləşdiriblər və göstəriblər ki, zaman keçdikcə heyvanların ölçüsü və genetik müxtəlifliyi azalmağa başlayıb. Bu, sağ qalmağı daha da çətinləşdirib.
Tədqiqata görə, iqlimin daha rütubətli olması və buzlaqların əriməsi nəticəsində göl, çay və bataqlıqlar yaranıb. Ekosistem dəyişib, bitki biokütləsi azalıb və ekosistem mamont sürüsünü saxlaya bilməyib. İnsanlar onlara ümumiyyətlə təsir etməyib. Özü də ətrafda ov etmək üçün daha çox heyvan olub.
Layihə çərçivəsində alimlər Pleystosen dövrünə aid 1500 arktik bitkinin DNT-ni ilk dəfə sekven ediblər. Sübut olunub ki, mamontların yaşadığı tundra çölləri unikal ekosistemə malik olub.
Tədqiqat bu ekosistemin 50 min illik təkamül tarixinin əhatə edir. Alimlərin fikrincə, ekosistemin dəyişməsi nəinki mamontların, bütövlükdə regionun meqafaunasının məhvinə səbəb olub.

Tehsil-press.az


Oxşar xəbərlər