Döyüş iştirakçısı olan məzun və tələbələrin əsərlərindən ibarət sərgi keçirilib

Döyüş iştirakçısı olan məzun və tələbələrin əsərlərindən ibarət sərgi keçirilib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) məzunu, Aprel döyüşlərində şəhid olan Samir Kaçayev və akademiyanın 44 günlük Vətən müharibəsində iştirak etmiş tələbə və məzunlarının əsərlərindən ibarət sərgi təşkil edilib. Sərgi Təhsil Nazirliyinin təşkilatçılığı və ADRA-nın dəstəyi ilə keçirilib.
Sərginin təşkilində məqsəd 44 günlük Vətən müharibəsi, eləcə də Aprel döyüşlərində şəhid olan məzunların xatirəsinin anılması, müharibədə iştirak edən tələbə və məzunlara diqqət və qayğının ifadəsi olub.
Sərgidə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov məlumat verib ki, ADRA-nın Təsviri sənət fakültəsinin Heykəltəraşlıq kafedrasının məzunu, 2016-cı il Aprel döyüşlərində şəhid olmuş, gənc heykəltəraş Samir Kaçayev 22 illik ömründə 30 heykəltəraşlıq işinə imza atıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində şücaətli Ordumuz işğal altında olan torpaqlarımızı azad edərək bizə bu Qələbəni bəxş etdi. Nazir müavini rəşadətli Ordumuzun əldə etdiyi şanlı Zəfərdə tələbələrin, təhsil işçilərinin böyük rolu olduğuna toxunub. 8 Noyabr – Zəfər Günü ilə bağlı ölkə səviyyəsində müxtəlif tədbirlərin təşkil edildiyini qeyd edən Firudin Qurbanov bugünkü sərginin də bu yöndə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
ADRA-nın müəllimi, heykəltəraş Zamiq Rzayev, Samir Kaçayevin atası Ziyatin Kaçayev də çıxış edərək göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.
Daha sonra şəhid məzun Samir Kaçayevin, eləcə də akademiyanın 44 günlük Vətən müharibəsi iştirakçısı olmuş tələbə və məzunlarının əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə ali məktəblərin prorektorları, akademiyanın, eləcə də digər ali təhsil müəssisələrinin Vətən müharibəsində iştirak etmiş tələbə və məzunları iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər