AzTU-nun rektoru III Mərkəzi Asiya Nobel Festivalında çıxış edib

AzTU-nun rektoru III Mərkəzi Asiya Nobel Festivalında çıxış edib “Gələcək artıq bu gündür” adlı III Mərkəzi Asiya Nobel Festivalı oktyabrın 29-da başa çatıb. Festivalda rektorların dəyirmi masası keçirilib. Rektorlar Mərkəzi Asiya ölkələrində universitetlərin rəqabətədavamlılığı, həmçinin dünyanın tanınmış ali məktəbləri sırasında öz yerini necə tutması ilə bağlı fikirlər səsləndiriblər.
Festivalda Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “İnnovasiyaları dəstəkləyən XXI əsr texniki universitetləri gələcəyin ixtisaslarını necə hazırlamalıdır?” mövzusunda çıxış edib.
Rektor bildirib ki, müasir dövr texniki universitetlərin missiyaları kifayət qədər dəyişib. Belə ki, universitetlərdə tədqiqat fəaliyyəti innovasiyaları dəstəkləməlidir. Tədqiqatlar əmək bazarının tələbini qarşılamalı və sürətlə təhsilə inteqrasiya olunmalıdır. Vilayət Vəliyev regionda rəqabətədavamlı universitetlər şəbəkəsinə yeni baxış formalaşdırmağın vacibliyini qeyd edib. Bildirib ki, universitetlərdə tədris proqramları müasir çağırışlara uyğunlaşdırılmalı, “Conceive-Design-İmplement-Operate” yanaşması əsasında tələbələr layihə əsaslı komanda işini öyrənməlidir. AzTU-da qeyd olunan şəbəkə universitetləri sırasına qoşulmaq üçün müvafiq hazırlıq işləri aparılıb. Bu istiqamətdə proqramların yenilənməsi, regionun aparıcı ali təhsil müəssisələri - xüsusilə Türkiyə, Almaniya, Rusiya və Ukraynanın universitetləri ilə birgə proqramlar əsasında mütəxəssis hazırlığı və layihələr həyata keçirmək üçün real addımlar atılır.
Rektor Mərkəzi Asiya universitetlərini də AzTU ilə əməkdaşlığa dəvət edib. Bu əməkdaşlıq həm mütəxəssis hazırlığı, həm də birgə innovativ layihələr istiqamətində ola bilər.
Qeyd edək ki, Vilayət Vəliyev festivalda Azərbaycanı təmsil edən yeganə ali təhsil müəssisəsinin rektorudur.
Təhsil Nazirliyinin “SABAH" qrupları layihəsinin tərəfdaşlığı ilə keçirilən “Gələcək artıq bu gündür” adlı III Orta Asiya Nobel Festivalının proqramına yaşıl reallıq, təhsil və gələcəyin peşələri, innovasiyalar əsri və insanlar üçün iqtisadiyyat istiqamətləri üzrə 25 mühazirə, müzakirələr və digər tədbirlər daxildir.

Tehsil-press.az


Oxşar xəbərlər