Xəzər Universitetində Zəfər bayramı qeyd olunub

Xəzər Universitetində Zəfər bayramı qeyd olunub Xəzər Universitetinin F.Əmirov adına konsert-konfrans mərkəzində Vətən müharibəsində qazanılan böyük Qələbənin birinci ildönümü - ilk Zəfər bayramı qeyd edilib.
Bayram tədbirində 44 günlük müharibənin xronikası əsasında hazırlanmış videoçarx təqdim olunduqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin rəsmi hissəsində ümummilli lider Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" və böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" kəlamlarına əsaslanan Türkiyə-Azərbaycan qardaşlığına dair videoçarx təqdim edilib. Sonra Türkiyənin Akdeniz Universitetinin professoru Şenol Kantarcı öz ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüb.
Xəzər Universitetinin 44 günlük Vətən müharibəsində iştirak edən məzunlarının səhnəyə çıxması böyük coşqu ilə qarşılanıb.
Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı qazi məzunları salamlayaraq, onlarla qürur duyduğunu söyləyib. Qazi məzunlardan baş leytenant Cavad Həşimov dəvət üçün doğma universitetə minnətdarlıq duyğularını ifadə edib.
Musiqili-bədii kompozisiya Xəzər Universitetinin tələbələri Ləman Rzaquliyeva, Təhmin Bəkirov, Vəlixan Vəlixanlı, Yeganə Quliyeva, Nəzrin Əsgərova, Səma Mehdiyeva, Ləman Hacılı, Solmaz Mirzəliyeva, Aytən Kərimxanova və İmaməli İbrahimovun müxtəlif janrlarda hazırladıqları çıxışları ilə davam edib.
Zəfər bayramında istedadlı müğənni Həmid Həmzəyev “Döyüşə gedirəm, ana”, “Dərviş” qrupunun üzvü Cavidan Məmmədov isə “Cənab leytenant” mahnılarını ifa ediblər. “Dərviş” qrupunun ifasında səsləndirilən maraqlı kompozisiyalar (“Xudayar təsnifi” və “Vətəndir” kompozisiyası) tədbir iştirakçılarının alqışları ilə qarşılanıb.
Bayram tədbiri Xəzər Universitetinin tələbələri və “Dərviş” qrupunun birgə hazırladıqları “Çırpınırdı Qara dəniz” musiqili-bədii kompozisiya ilə yekunlaşıb.

Tehsil-press.az


Oxşar xəbərlər