“BİZ qalib ölkənin vətəndaşlarıyıq”

“BİZ qalib ölkənin vətəndaşlarıyıq” Nərmin Nəcəfli, Dövlət Proqramı məzunu: “Azərbaycanı dünyada təbliğ etməkdən qürur duyuram”
Azərbaycan hər zaman istedadlı gəncləri ilə fəxr edib. Onların dünyanın müxtəlif ölkələrində əldə etdiyi uğurlar hər zaman bizləri sevindirib, qürur yaşadıb. Hər dəfə istedadlı gənclərimizin müxtəlif ölkələrdən gələn uğur sorağını aldıqca onların istedad və qabiliyyətlərinin imkanlarının hüdudsuz olması qənaətinə gəlirsən. Onlardan biri də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məzunu Nərmin Nəcəflidir.
Tanıtım. 1996-cı ildə Bakıda anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. 2004-2007-ci illərdə Bakı, Moskva, Tbilisidə 8-12 yaşlı uşaqlar arasında keçirilən beynəlxalq müsabiqələrin qalibi, II və IV beynəlxalq Rostropoviç, 2011-ci ildə III beynəlxalq Üzeyir Hacıbəyli festivallarının iştirakçısı olub. 2008-ci ilin mayında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş I Respublika müsabiqəsində “Qran-pri”yə layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə xüsusi aylıq təqaüdə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına yazılıb. 2010-cu ildə Almaniyada keçirilən beynəlxalq müsabiqədə çıxış edərək 38 iştirakçı arasında seçim turundan qalib çıxan 8 nəfərdən biri olub. Uğurlu çıxışına görə xüsusi mükafata layiq görülüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fransanın Reyms şəhərində keçirilən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” adlı konsert proqramında uğurla çıxış edib. İngiltərənin Nyukasl şəhərində gənc pianoçuların V beynəlxalq müsabiqəsində I yerə, 2016-cı ildə Gənclər üçün Prezident mükafatına layiq görülüb.
2014-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirib və həmin ildən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Almaniyanın Hannover şəhərindəki Musiqi, Teatr və Dram Universitetində təhsilini davam etdirib. 2021-ci ildə həmin universitetin magistraturasını bitirib. Hazırda adıçəkilən universitetin doktorantura pilləsində təhsil alır.
2017-ci ildə İspaniyanın Granada şəhərində keçirilən Beynəlxalq müsabiqədə xüsüsi mükafata layiq görülüb. 2019-cu ildə Hannover Dövlət Opera Teatrının dövlət simfonik orkesteri ilə birlikdə keçirdiyi “ Nijinskiy” müsabiqəsində qalib gələrək 2019-2021-ci il teatr mövsümündə Dövlət Simfonik Orkesteri ilə qonaq solist kimi çıxış etmək hüququ qazanıb. Bu layihədə uğurlu çıxışları bəyənildiyinə görə yenidən 2021-2022-ci il teatr mövsümündə də Hannover dövlət simfonik orkesteri ilə qonaq solist kimi çıxış etməyə dəvət edilib.
N.Nəcəfli Fransa, ABŞ, İtaliya, Rusiya, Belçika və Böyük Britaniyada uğurlu konsert proqramları ilə çıxışlar edib. Bu yaxınlarda isə Nərmin musiqi karyerasında ən böyük uğurlardan birinə imza atıb. Təhsil aldığı universitet rəhbərliyi, nüfuzlu akademik heyət Nərminin istedad və qabiliyyətini nəzərə alaraq onu Avropanın nüfuzlu musiqi təhsili müəssisəsində müəllim işləməsinə qərar verib.
Hannoverin ilk azərbaycanlı tələbəsi, ilk azərbaycanlı müəllimi...
- Xaricdə nüfuzlu bir musiqi akademiyasında müəllim olmaq imkanı qazandınız. Bu, necə oldu?

-2021-ci ilin iyun ayında Hannover Musiqi, Dram və Media Universitetinin doktoranturasına qəbul imtahanı verdim və çox böyük müsabiqədən keçərək qəbul oldum. Onu da qeyd edim ki, doktoranturaya çox az sayda musiqiçi qəbul edirlər. Qəbul olandan sonra universitetdə 6 il müddətində mənə dərs deyən professor Bernd Goetzke dedi ki, universitetdə vakant müəllim yerini tutmaq üçün müsabiqəyə qatılım. Onun bu təklifi məni bir tərəfdən çox sevindirdi və qürurlandırdı, cünki dünyaca məşhur bir professor məni universitetdə müəllim işləməyə layiq görmüşdü. Digər tərəfdən isə bu müsabiqədə iştirak etmək çox çətin və məsuliyyətli bir iş idi. Sənədlərimi təqdim edib Bakıya qayıtdım. Avqustda mənə məktub gəldi ki, ilkin mərhələdən keçmişəm və sentyabrın 15-də komissiya qarşısında növbəti mərhələdən keçməliyəm. Bu mərhələdə universitetin nüfüzlu professorlarından ibarət komissiya qarşısında 30 dəqiqəlik solo proqram ifa etmək, 20 dəqiqəlik mühazirə oxumaq və 2 tələbəyə hər biri 15 dəqiqə olmaqla dərs keçmək lazım idi. Bu tələbələrdən biri çox güclü, digəri isə zəif tələbə olur. Komissiya qəsdən iki müxtəlif səviyyəli tələbə seçir ki, sənin hər bir tələbəylə necə işlədiyini, fərdi yanaşmanı, hansı metodlarla işlədiyini qiymətləndirə bilsin. Bu, çox çətin bir müsabiqə idi. Üstəlik rəqiblərimin hamısı yaşda məndən böyük və nüfuzlu professorların yetirmələri idi. Belə bir çətin müsabiqədən keçib müəllim yeri qazandığım üçün çox sevinirəm. Mən Hannover Musiqi, Dram və Media Universitetinə qəbul olunan ilk azərbaycanlı tələbə idim, indi isə bu universitetdə çalışan ilk azərbaycanlı müəllim oldum.
7 tələbəm var
- Kimlər sizə dəstək verdi? Ümumiyyətlə, belə bir imkan kimlərə və hansı keyfiyyətlərə görə verilir?
- Professorumun mənə inanması böyük dəstək oldu. Mən onun məsləhəti ilə bu müsabiqəyə qatıldım. Bu suala cavab versəm, təvazökarlıqdan uzaq olacaq. Mənim Almaniyada təhsil aldığım müddətdə qazandığım uğurlar, universiteti əla qiymətlərlə bitirməyim, buraxılış imtahanlarında (həm bakalavr, həm magistr) aldığım ən yüksək qiymət (1,0), zəhmətkeşliyim, məsuliyyətim. Yəni, bu keyfiyyətlərimə görə professorum məni məsləhət gördü, lakın müsabiqədən keçmək və ya keçməmək artıq sənin özündən asılıdır.
- Müəllimlik fəaliyyətinizə başlamısınızmı? Tələbələriniz varmı və hansı ölkələrdəndir?
- Bəli, oktyabr ayının 11-dən müəllim kimi fəaliyyətə başlamışam. 7 tələbəm var: İngiltərə, İtaliya, Avstraliya, Çin, Rusiya, İran və Almaniyadan.
Ən böyük arzum Şuşada konsert verməkdir
- Pandemiya dövrü musiqi yaradıcılığınıza necə təsir etdi? Yaxın vaxtlarda nə kimi tədbirləriniz gözlənilir?
- Bildiyiniz kimi, pandemiyaya görə bir çox tədbirlərimiz təxirə düşmüşdü. Lakın mən hətta pandemiyanın ən kritik vaxtında Berlində solo konsertlə çıxış etmişəm. İki klip hazırladım. Adil Bəbirovun “Prelüd-skertso” əsərini 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsinə həsr etmişəm. Bu əsərdə hər şey var: kədər, ağrı, nostalji, həyəcan, eyni zamanda Azərbaycan xalqının göstərdiyi mübarizə, qətiyyət, xarakter, cəsarət ruhu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuzun qazandığı qələbə... Bilirsiniz, müharibə başlayanda mən Almaniyada idim. Azərbaycandan çox uzaqda olsam da, baş verənlərin bütün ağrılarını hiss edirdim. Otağımın küncünə çəkilib, sosial şəbəkələr vasitəsilə üç dildə (alman, ingilis, rus) informasiya müharibəsi aparırdım. O günlər mənim üçün çox çətin idi. Özümə yer tapa bilmirdim, hətta fortepianoya belə toxunmurdum. Azərbaycana qayıdıb bu çətin və şərəfli vaxtda Vətənimdə olmaq istəyirdim. Hər gün səbirsizliklə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışlarını gözləyirdim. Cənab Prezident hər dəfə ordumuzun işğaldan azad etdiyi ərazilərimizin adlarını elan edəndə sevincdən gözlərim dolur, ordumuzla, Ali Baş Komandanımızla qürur duyurdum. Ümummilli liderimiz Heydər Əliyevin sözlərilə desək, fəxr edirdim ki, mən Azərbaycanlıyam. Sonra Bakıya gəldim və noyabr ayında ölkəmizin Zəfərini öz gözlərimlə görə bildiyim və baş verənlərin şahidi olduğum üçün çox xoşbəxtəm.
Qələbəmizdən dərhal sonra Adil Bəbirovun “Prelüd-skertso” əsərini ifa etdim və bu musiqi nömrəsini Qarabağ müharibəsinə həsr etdim. 28 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə 28 May - Respublika Gününə həsr olunmuş klipim ekranlaşdırılıb. 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn tədbirlər planı çərçivəsində çəkilən klip bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletindən vals musiqi parçasının ifası üzərində ərsəyə gəlib.
Klipdə Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Avropa İttifaqının aparıcı ölkələrinin mədəni irsinin qorunması istiqamətində görülmüş işlər, həyata keçirilmiş layihələr, dünya əhəmiyyətli abidələrin bərpasına göstərilən yardımlar, həmçinin Azərbaycan həqiqətlərini əks etdirən layihələrin reallaşdırılması, heykəl və abidələrin Avropa şəhərlərində ucaldılması ilə bağlı təsvir və açıqlamalar nümayiş olunur. Noyabrın 6-da İşveçrənin Zürix şəhərində Zəfər gününə həsr olunmuş tədbirdə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı ilə çıxış etdim. Bundan başqa, Almaniyada və Avropanın bir neçə şəhərlərində konsertlərim olacaq. Ancaq mənim ən böyük arzum Şuşada və işğaldan azad edilmış digər rayonlarımızda konsert verməkdir. Ümid edirəm ki, bu arzum tezliklə həyata keçər.
Mən qələbəni izləmədim, yaşadım...
- Azərbaycan hazırda özünün şərəfli tarixini yaşayır. Böyük Qələbəmizi bir gənc olaraq necə izlədiniz?

- Mən qələbəni izləmədim, yaşadım. Müharibəni bütün ağrıları, kədəri ilə yaşadığım kimi, qələbəni də bütün sevinci ilə yaşadım. Noyabrda əlimdə bayraq Bakı küçələrini dolaşanda sevincimin həddi-hüdudu yox idi. Allah bizə bu xoşbəxt günləri yaşadan şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Artıq biz qalib ölkənin vətəndaşlarıyıq. Və mən qalib ölkənin vətəndaşı olaraq Azərbaycanı, Azərbaycan mədəniyyətini dünyada təbliğ etməkdən qürur duyuram.

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər