İtaliyada onu münsiflər heyəti alqışlayıb

İtaliyada onu münsiflər heyəti alqışlayıb Nigar Hüseynli: “Çalışacağam ifa etdiyim əsərlər insan qəlbinin məlhəmi olsun, onu ilahi hisslərlə cilalasın...”
“2018-ci ilin 29 may tarixi həyatımda unudulmaz bir gün kimi yaddaşıma həkk olundu. Həmin gün biz İtaliyanın Bari şəhərinə yola düşdük. Fortepiano müəllimim Nigar Nəcəfova da bizimlə idi. Uçaqdan düşəndə olduqca həyəcanlı idim. Axı, birinci dəfə idi ki, İtaliyada keçirilən Pietro Argento adına beynəlxalq festivalda iştirak edəcəkdim. Bu festival çox məsuliyyətli istedad yarışması olacaqdı. İtaliyanın çox ecazkar və cəlbedici ölkə olduğunu dərsliklərdən oxumuşdum”, - deyə, dilli-dilavər müsahibim - Respublika incəsənət gimnaziyasının şagirdi Nigar Hüseynli öz təəssüratlarını bizimlə daha ətraflı bölüşməkdə davam etdi.
I yerin qalibi oldum
- Festival başlayanda həyəcan məni tam tərk etdi. “Mən bura qalib olmağa gəlmişəm”, - deyə düşündüm. Böyük zalda münsiflər heyətinin qarşısında özümü sərbəst hiss etdim. Q.Qarayevin “21-ci prelüd” və F.Şubertin “Ekspromt” əsərlərini ifa etdim. Münsiflər heyəti məni alqışladı. Müxtəlif ölkələrdən uşaqlar iştirak edirdilər. Qürur hissi keçirirdim ki, ölkəmizi təmsil edirəm. Onlar da mənə heyranlıqla tamaşa edirdilər. İfamı bəyəndilər və I yerin qalibi oldum. Sevincimin hədd-hüdudu yox idi. Müəllimim Nigar Nəcəfova bəlkə məndən də çox sevinirdi. Çünki bu yarışmada uğur qazanmağımda onun əməyi lap çox idi. Ümumiyyətlə, Nigar müəllim bütün istedadlı şagirdləri ilə fəxr edir. Anam Elmira isə kövrəlmişdi, məni bağrına basıb, - sağ ol, qızım, üzün ağ olsun, - dedi. Həmin gün atama telefon açdım, sevincimi onunla da bölüşdüm. Vətənə qayıtmaq, qələbəmi dostlarımla bölüşməyə tələsirdim. Qeyd edim ki, yarışmada böyük qruplar üzrə iştirak edən həmyerlimiz Müşfiq Quliyev də II yerin qalibi oldu.
Şəhərin tarixi abidələri ilə tanış olduq
7 gün İtaliyada qaldıq. Şəhərin tarixi abidələri ilə tanış olduq. Bələdçi bildirdi ki, Bari İtaliyanın cənub-şərqində Adriatik dənizi kənarında bir liman şəhəridir. Cənubi İtaliyanın yarımadadakı Napolidən sonra ikinci böyük şəhəri olan Bari, böyük bir regional mərkəz və xüsusilə Aralıq dənizinin şərqlə əlaqələrində əhəmiyyətli bir ticarət şəhəridir. Uşaqların hər zaman maraqla qarşıladığı “Pinokyo” obrazının müəllifinin italiyalı Karlo Kollodi olduğunu öyrəndik. Bələdçi söylədi ki, Avropanın ən hündür zirvəsi hesab olunan Monte Bianko İtaliyada yerləşir. Dünyanın ən qədim universitetlərindən sayılan La Sapienza da İtaliyanın məşhur ali təhsil ocaqlarındandır. Bu təhsil ocağı həmçinin tələbələrinin sayına görə də Avropada ən böyük universitetdir. Sonra Vatikan muzeyi ilə tanış olduq. Həm qalib olmağım, həm də İtaliya ilə yaxından tanışlıq üçün fürsət qazanmağım hədsiz sevincimə səbəb olmuşdu. O günlər yaddan necə çıxa bilər?!
...İtaliyadan qayıdarkən hava limanında bizi qardaşım və atam qarşıladı. Ertəsi gün məktəbdə dostlarım Nərgiz və Banu məni təbrik etdilər. Qürur duyurdum ki, beynəlxalq müsabiqədə qazandığım bu uğur məktəbimizə şərəf qazandırır.
Mərasimdə dostlarım da iştirak edirdi
Az qala unutmuşdum, İtaliyaya getməzdən öncə 2018-ci ilin martında Türkiyədə CASPİ ART Uluslararası Muzik yarışmasına da qatılmışam. Həmin yarışmada da I yeri tutdum və diplomla mükafatlandırıldım. İyun ayında isə Beynəlxalq Mətbuat Mərkəzində həmin diplomumun təqdimetmə mərasimi keçirildi. Mərasimdə gimnaziyanın müəllimləri, dostlarım, valideynlərim iştirak edirdilər. Haqqımda söylənilən xoş sözlərə görə hər kəsə minnətdarlığımı bildirdim və öz üzərimdə daha səylə çalışmağıma söz verdim. Mayın ayının 24-də isə “Gənclərə dəstək” layihəsi çərçivəsində Dövlət Filarmoniyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert proqramında fortepianoda dünya bəstəkarlarının bənzərsiz mahnılarını ifa edib diploma layiq görüldüm.
Xor kollektivinin üzvüyəm
Yeri gəlmişkən deyim ki, qardaşım Rauf da gimnaziyada Vəfa Nadirovanın sinfində fortepiano təhsili alır. O, dərslərini də əla qiymətlərlə oxuyur və idmanın boks növü ilə məşğul olur. Mən isə idmanın üzgüçülük növünü xoşlayıram. Həftədə üç dəfə üzgüçük məşqinə gedirəm. Eyni zamanda gimnaziyada fəaliyyət göstərən xor kollektivinin üzvüyəm. Bu günlərdə Muğam Mərkəzində məktəbimiz tərəfindən təşkil olunmuş konsertdə xor kollektivində iştirak etmişəım. Tez-tez dövlət tədbirlərində, əlamətdar günlərdə rəngarəng konsert proqramlarında iştirak edirəm. İncəsənətə dərindən bağlı olduğum üçün bu sənətin məsuliyyətini dərindən dərk edirəm. Bacarığıma, potensialıma çox güvənirəm. Mənim öz yaradıcılıq dünyam var. Bəzən ifalarımın elə ilk müəllimi anam olur. Valideynlərim gələcəyimə böyük ümid bəsləyir və əməyimin hədər getməyəcəyinə əmindirlər.
Yay tətilində çoxlu ifalar hazırlayacağam
Artıq yay tətili günlərimiz başlayıb. Çalışacağam ki, tətil günlərində İ.S.Baxın, V.A.Motsartın, L.V.Bethovenin, F.Şubertin, İ.Bramsın, P.İ.Çaykovskinin, T.Quliyevin, F.Əmirovun, Q.Qarayevin və digər dahi bəstəkarların əsərləri üzərində çoxlu məşqlər edim.
Beynəlxalq müsabiqələrdə və festivallarda qazandığım uğurlarda, mənim istedadlı musiqiçi kimi yetişməyimdə müəllimim, Əməkdar müəllim Nigar Nəcəfovanın əməyi danılmazdır. Bütün uğurlarıma görə ona özümü daim borclu sayacağam.
... Asudə vaxtlarımı da olduqca mənalı keçirirəm, tez-tez dünyaşöhrətli bəstəkar L.Bethovenin əsərlərini dinləyirəm. Onun dərin məzmunlu melodiyalarının qanadlarında dünyanın bütün gözəlliklərinə qovuşuram. Deyirlər dünyanı musiqi xilas edə bilər. Olduqca dərin məntiqli ifadədir. Avropa ölkələrində xəstə əməliyyat olunan ərəfədə əməliyyat otaqlarında klassiklərin əsərlərindən nümunələr səsləndirilir.Və bu melodiyalar xəstəni ona veriləcək narkozdan əvvəl öz ağuşunda ana laylasına qovuşdurur. Mən də çalışacağam gələcəkdə ifa etdiyim əsərlər insan qəlbinin məlhəmi olsun, onu ilahi hisslərlə cilalasın, mənəvi dünyasını zənginləşdirsin. Dünyanın ən xoşbəxt adamlarının biri də onda artacaq və o şəxs mən olacağam.

Sifai SƏFƏROVA

Oxşar xəbərlər