Professor Sevinc Hacıyeva beynəlxalq elmi konfransda “Rəfiqə Əliyevanın elmi kimya məktəbi” mövzusunda məruzə ilə çıxış edib

Professor Sevinc Hacıyeva beynəlxalq elmi konfransda “Rəfiqə Əliyevanın elmi kimya məktəbi” mövzusunda məruzə ilə çıxış edib M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin təşkilatçılığı ilə Rusiyanın məşhur kimya tarixçisi N.A.Fiqurovskinin (1901-1986) 120 illik yubileyinə həsr olunmuş “Kimyanın və kimya təhsilinin tarixi: fənlərarası inikas” (İstoriya ximii i ximiçeskoqo obrazovaniya: mejdissiplinarnıye otrajeniya) adlı onlayn beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə Bakı Dövlət Universitetinin Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva “Rəfiqə Əliyevanın elmi kimya məktəbi” (Nauçnaya ximiçeskaya şkola R.A.Aliyevoy) mövzusunda məruzə ilə çıxış edib.
Professor Sevinc Hacıyeva çıxışında Azərbaycanın ilk analitik kimyaçı alimi Rəfiqə Əliyevanın keçdiyi şərəfli ömür yolundan, onun kimya elminə verdiyi töhfələrdən bəhs edib.
Qeyd olunub ki, məşhur Azərbaycan alimi, kimyaçısı, kimya elmləri doktoru, akademik Rəfiqə Əliyevanın Azərbaycanda təhsilin və elmin inkişafında xidmətləri əvəzsizdir. Bütün həyatını kimya elminə həsr etmiş R.Əliyeva bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasında bilik və bacarıqlarını əsirgəməyib. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin tədqiqatında əsas yeri analitik reaksiyaları xarakterizə edən parametrlər ilə kompleks birləşmələrin quruluşu arasında əlaqənin müəyyən edilməsi tutur.
Rəfiqə Əliyevanın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları, eyni zamanda, üzvi reagentlərdən istifadə etməklə metalların təyini və onların təcrid edilməsi üsullarının işlənib hazırlanmasına yönəlib. Onun aktual ekoloji problemlərlə bağlı əsərləri ölkəmizdə bu sahənin inkişafına öz töhfəsini verib. R.Əliyeva keçid və nadir torpaq elementlərinin fotometrik təyini və konsentrasiyası üsullarının öyrənilməsi sahəsində tədqiqatlar aparıb.
2001-ci ildə akademik Rəfiqə Əliyeva tərəfindən Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyası yaradılıb. Alim 450 elmi əsərin, 25-dən çox dərs vəsaiti və dərsliyin, analitik kimya üzrə 6 tərcümə kitabının və 20 patentin müəllifi olub.
Rəfiqə Əliyeva universitet tələbələrinə kimyanın əsaslarını tədris edib, yeni elmi-pedaqoji kadrların yetişdirilməsi üçün bütün səylərini əsirgəməyib. Alimin rəhbərliyi ilə 2 elmlər doktoru və 20 fəlsəfə doktoru hazırlanıb. O, “Əməkdar elm xadimi” Fəxri adına layiq görülüb, akademik Y.Məmmədəliyev adına mükafatın laureatıdır. 2001-ci ildə Amerika Biblioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını” seçilib. “Şöhrət” ordeni və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.
Çıxış konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib.
Konfransda Rəfiqə xanım Əliyevanın əziz xatirəsi hörmətlə yad edilib.

Tehsil-press.az

Oxşar xəbərlər