Kimyaçı alim Həbib Şahtaxtinskinin 120 illiyinə həsr edilmiş tədbir keçirilib

Kimyaçı alim Həbib Şahtaxtinskinin 120 illiyinə həsr edilmiş tədbir keçirilib AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Əməkdar elm xadimi, akademik Həbib Şahtaxtinskinin anadan olmasının 120 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbiri açan elmi müəssisənin direktoru, akademik Dilqəm Tağıyev karantin rejimi şəraitində tədbirin məhdud sayda alimlərlə keçirilməsinin qərara alındığını bildirib. Diqqətə çatdırıb ki, görkəmli kimyaçı alim Həbib Şahtaxtinskinin elmi fəaliyyətinin əsas istiqaməti Azərbaycanın mineral xammallarının öyrənilməsi və kompleks işlənməsi idi. Alimin tədqiqatları əsas mineral xammalların – alunitin, Filizçay polimetal filizinin, Daşkəsən dəmir filizinin, titanlı dəniz qumunun, baritlərin, daş duzun, dolomitlərin emal problemlərini, nadir, səpələnmiş, qara və əlvan metalların kimyası və texnologiyası kimi çox böyük sahələri əhatə edib. Akademik Həbib Şahtaxtinskinin məşğul olduğu mühüm problemlərdən biri də əlvan metallurgiya sənayesində tullantı qazlarının tərkibinə daxil olan kükürd qazlarından elementar kükürdün alınmasıdır. Dünya praktikasında ilk dəfə olaraq, müxtəlif katalizatorlardan istifadə etməklə kükürd 4-oksidin aşağı temperaturda konversiya qazı ilə reduksiyasının elmi əsasları işlənilib hazırlanıb. Keçmiş SSRİ Əlvan Metallurgiya Sənayesi Nazirliyi tərəfindən bu metod yüksək qiymətləndirilib və Norilsk metallurgiya kombinatının mis zavodunda tətbiq olunması qərara alınıb. H.Şahtaxtinskinin elmi işlərinin nəticələri 7 monoqrafiya və dərslikdə, 400 elmi məqalədə, müəllif şəhadətnamələrində və elmi hesabatlarda ümumiləşdirilib. O, 40-dan çox elmlər namizədi və doktoru, minlərlə mühəndis-texnoloq, kimyaçı, müəllim və elmi işçilər hazırlayıb.
1959-cu ildə Həbib Şahtaxtinskinin təşəbbüsü ilə Azərbaycan EA-nın Kimya İnstitutunda (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) Mineral maddələrin texnologiyası laboratoriyası yaradılıb. Alim ömrünün sonuna qədər bu laboratoriyaya rəhbərlik edib.
Tədbirdə kimya üzrə elmlər doktoru, professor Arif Heydərov alimin həyat yolu haqqında geniş məruzə ilə çıxış edib. Professorlar Arif Əfəndi, İxtiyar Bəxtiyarlı, kimya üzrə fəlsəfə doktoru Vaqif Qasımov və başqaları akademik Həbib Şahtaxtinski haqqında xatirələrini bölüşüblər.

Tehsil-press.az

Oxşar xəbərlər