Milli Məclisin deputatı Ramin Məmmədovun AzMİU-da tələbələrlə görüşü

Milli Məclisin deputatı Ramin Məmmədovun AzMİU-da tələbələrlə görüşü Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə “Gənclərin özünüinkişafı, milli dəyərlər və azərbaycançılıq ideologiyası” mövzusunda seminar keçirilib. Seminarda Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Ramin Məmmədov və tələbələr iştirak ediblər.
Tədbirdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov Azərbaycanda dövlət gənclər siyasətinin uğurlarından danışıb, dövlətin gənclərin inkişafı, cəmiyyətdə öz layiqli yerlərini tutmaları, layiqli vətəndaş kimi formalaşmaları üçün lazımi şərait yaratdığını qeyd edib. O, tələbələrin üzərinə təhsillə yanaşı, milli-mənəvi dəyərlərimizi layiqincə təcəssüm etdirmək, Azərbaycan həqiqətlərini hər yerdə təbliğ etmək, ölkəmizin maraq və mənafelərini müdafiə etmək kimi vəzifələr düşdüyünü vurğulayıb.
Deputat Ramin Məmmədov tələbələrlə ünsiyyətdən məmnun olduğunu söyləyib. Mənəvi dəyərlərin təbliğində azərbaycançılıq ideologiyasının əsas yer tutduğunu vurğulayan Ramin Məmmədov qeyd edib ki, bu ideologiyanın yayılmasına Azərbaycan Xalq Cümhuriyyəti dövründə cəhd göstərilmişdi. Lakin azərbaycançılıq ideologiyası ümummilli liderimiz Heydər Əliyevin sayəsində öz həllini tapmışdır. Ulu Öndərin milli-mənəvi dəyərlərlə bağlı siyasətində azərbaycançılıq ideologiyası əsas yer tuturdu. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Qonaq daha sonra bildirib: “Aparılan ideoloji siyasətin müsbət nəticəsidir ki, bu gün Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü bu ölkənin tamhüquqlu vətəndaşı kimi hesab edir. Azərbaycan hazırda dünyanın ən tolerant ölkələrindən biri hesab olunur”.
Ramin Məmmədov ölkəmizdə aparılan könüllülük hərəkatından da geniş söhbət açıb. Qeyd edib ki, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib.
O, AzMİU-da könüllülük fəaliyyəti göstərən tələbə gənclərimizin işini yüksək qiymətləndirib. “Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı var”.
Görüşdə tələbələrin dövlətimizin başçısının ətrafında sıx şəkildə birləşməsi, onun siyasi fəaliyyətinə bir vətəndaş olaraq dəstək olması və beləliklə, Azərbaycanın növbəti uğurlarında yaxından iştirak etməsi kimi vacib missiyanın qarşıya qoyulduğu vurğulanıb. Qeyd olunub ki, gənclər bilik və bacarıqlarını, istedadlarını Azərbaycanın parlaq gələcəyi, işıqlı sabahı naminə istifadə etməlidirlər.
Diskussiya formatında davam edən görüşdə gənclərin sualları cavablandırılıb, eləcə də mövzu ilə bağlı fikirləri dinlənilib.

Tehsil-press.az


Oxşar xəbərlər