Azərbaycanın dövlət siyasətində gənclərin elmə marağının artırılmasına xüsusi yer ayrılır

Azərbaycanın dövlət siyasətində gənclərin elmə marağının artırılmasına xüsusi yer ayrılır Bakı Kitab Mərkəzində AMEA-nın Fəlsəfə İnstitutunun təşkilatçılığı ilə “Yaradıcı gənclər və könüllülər” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə gənclərin hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən aparıcı qüvvə olduğunu deyib. Qeyd edib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin mühüm rolu vardır. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir.
İlham Məmmədzadə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasəti yeni mərhələdə daha da inkişaf edir. Bu gün Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür şərait var.
İnstitutun direktoru əlavə edib ki, Azərbaycanın dövlət siyasətində gənclərin elmə marağının artırılmasına, onların elmi tədqiqatlara cəlb olunmasına xüsusi yer ayrılır. Hazırda ölkəmizdə gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması, gənclərin elmə istiqamətlənməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir.
2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunmasını dövlət başçısının Azərbaycan gəncliyinə göstərdiyi diqqətin təzahürü olduğunu vurğulayan İ.Məmmədzadə ölkəmizdə könüllülük hərəkatının daha da genişlənməsinin gənclərin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonra tədbir Fəlsəfə İnstitutunun YAP ilk partiya təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov və institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tünzalə Musayevanın moderatorluğu ilə davam edib.
Tədbirdə “Varlığını mənalandırma və özünügerçəkləşdirmə müstəvisində könüllülüyün yeri”, “Müasir Azərbaycan gəncliyinin formalaşmasında könüllülüyün rolu”, “Könüllülük: prinsiplər və perspektivlər”, “Könüllülük – müstəqil düşüncəyə gedən yol” və “Könüllülərin vətən sevgisi” mövzusunda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Aynur Veysəlova-Abbasova, Fəlsəfə İnstitutunun şöbə müdiri Füzuli Qurbanov, institutun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Tehsil-press.az

Oxşar xəbərlər