Akademik Taliya Xabrieva AMEA-nın akademikləri ilə görüşüb

Akademik Taliya Xabrieva AMEA-nın akademikləri ilə görüşüb Bu gün Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Rusiya Federasiyası Hökuməti nəzdində Hüquq və Müqayisəli Hüquq İnstitutunun direktoru Taliya Xabriyevanın rəhbərlik etdiyi nümayəndə heyətinin AMEA Hüquq və İnsan Haqları İnstitutunda institutun alimləri ilə görüşü keçirilib.
Tərəflər insan hüquqlarının və azadlıqlarının qorunması, Konstitusiya hüququ və demokratik institutların inkişafı, yeni çağırışlar əsasında qanunvericiliyin təkmilləşdirilməsi (terrorizm, kibercinayətkarlıq, korrupsiya, şəxsi məlumatların qorunması, ekologiya, dövlət təhlükəsizliyi), beynəlxalq və milli qanunvericiliyin əlaqələndirilməsi və s. kimi sahələrdə qarşılıqlı əməkdaşlıq həyata keçirmək üçün razılığa gəliblər.
Görüş çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun direktoru, h.ü.e.d, professor Aytən Mustafazadə və Rusiya Federasiyasının Hökuməti yanında Hüquq və Müqayisəli Hüquq İnstitutunun direktoru, h.ü.e.d, akademik Taliya Xabrieva arasında “Elmi əməkdaşlıq haqqında” saziş imzalanıb.
Qeyd edək ki, Taliya Yarullovna Xabrieva (Nasyrova) - Rusiya Federasiyasının Hökuməti yanında Hüquq və Müqayisəli Hüquq İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Beynəlxalq Müqayisəli Hüquq Akademiyasının üzvü, hüquq elmləri doktoru, akademik, Rusiya Federasiyasının əməkdar hüquqşünası, Tatarıstan Respublikasının əməkdar vəkili, Avropa Komissiyasının hüquq yolu ilə Demokratiya Komissiyasının (Avropa Şurasının Venesiya Komissiyası) üzvüdür. O, 1996-cı ildə Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda işə başlamışdır. 1996-cı ildən 2002-ci ilədək aparıcı tədqiqatçı, Konstitusiya hüququ nəzəriyyəsi sektorunun rəhbəri, İctimai Hüquq Mərkəzinin müdir müavini vəzifələrində çalışıb.
Taliya Xabrieva 1997-ci ildə Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda "Rusiya Federasiyasının Konstitusiyasının Şərhi: Nəzəriyyə və Təcrübə" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Elə həmin ildən başlayaraq o, Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (Universitet) professor kimi fəaliyyət göstərir. 1998-ci ildən 2001-ci ilədək - Dövlət katibi, Rusiya Federasiyasının federal işlər, milli və miqrasiya siyasəti nazirinin müavini vəzifələrini icra etmişdir. Həmçinin, o, Rusiya Federasiyasının 2-ci sinif etibarlı dövlət müşaviridir. Taliya Xabrieva 2001-ci ildən indiyədək - Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və müqayisəli hüquq institutunun direktoru kimi çalışır. Taliya Xabrieva ümumilikdə 300-dən çox elmi məqalənin müəllifidir.
H.ü.e.d, professor Rəşad Qurbanov və h.ü.e.d Ramin Qurbanovun redaksiyası və həmmüəllifliyi ilə hazırlanmış 3 cildli “Avropa və Avrasiya məhkəmə sistemləri elmi-ensiklopedik nəşr” kitabının ön sözü akademik Taliya Xabrieva tərəfindən yazılmışdır.

Tehsil-press.az

Oxşar xəbərlər