Tələblərin Mərkəzi Elmi Kitabxanaya ekskursiyaları davam edir

Tələblərin Mərkəzi Elmi Kitabxanaya ekskursiyaları davam edir Azərbaycan Dillər Universitetinin I kurs tələbələri AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) ekskursiya ediblər.
Kitabxananın Xidmət şöbəsinin müdiri Ofeliya Yunusova tələbələri oxucu kartlarından və oxu zallarından, kataloq və kartotekalardan istifadə qaydaları, e-kataloqdan sifariş və s. barədə məlumatlandırıb.
Sonra MEK-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Nərminə Əfəndiyeva tələbələrə dünya təcrübəsinə əsaslanaraq gündən-günə öz fondunu qiymətli nəşrlərlə daha da zənginləşdirən MEK-in fəaliyyəti haqqında ətraflı məlumat verib. Tələbələr Sərgi salonuna, MEK-in təsis edilməsində əməyi keçən 15 akademikin büstlərindən ibarət qalereyaya baxış keçiriblər. Onlar Aprel və Tovuz döyüşlərinin, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid, qazi və iştirakçıları barədə məlumatların yer aldığı “Qarabağ müharibəsi qəhrəmanları” fondu haqqında geniş informasiya əldə ediblər.
Tələbələr, həmçinin Ulu Öndərin zəngin irsini toplayaraq, yerli və dünya oxucularına təqdim edən Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi ilə tanış olublar. Nadir kitablar və qiymətli nəşrlər şöbəsində xüsusi şəraitdə saxlanılan, respublika kitabxanaları arasında ən qədim ədəbiyyatlar və miniatür kitablar, Akademiklər zalında dünyanın müxtəlif ölkələrindən kitabxanaya hədiyyə edilən nəşrlər tələbələrin diqqətini çəkib.
Ekskursiya zamanı MEK-in baş direktoru professor Məmməd Əliyev tələbələrlə görüşüb. Tələbələrə MEK fondundan nəşrlər hədiyyə edilib.
Qeyd edək ki, bu cür ekskursiyaların təşkilində əsas məqsəd cəmiyyətdə kitaba olan marağın, dəyərin artırılması, mütaliə mədəniyyətinin formalaşması ilə yanaşı, gənclərin kitabxanalara cəlb edilməsini ənənəvi olaraq aşılamaqdır.

Tehsil-press.az



Oxşar xəbərlər