Ceyran Mahmudova: Ulu Öndərlə bağlı xatirələr dahi şəxsiyyəti daha yaxından tanımağımıza səbəb olur

Ceyran Mahmudova: Ulu Öndərlə bağlı xatirələr dahi şəxsiyyəti daha yaxından tanımağımıza səbəb olur Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
“Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə təşkil edilən tədbirdən əvvəl iştirakçılar Ulu Öndərin universitetdəki büstünün önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər. Həmçinin ADMİU-nun kitabxanası tərəfindən ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş sərgi ilə tanış olublar.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova bildirib ki, hər il Ulu Öndərin anım günü ərəfəsində dahi şəxsiyyətin xatirəsi universitetdə yad edilir: “Burada çalışan əksər professor və müəllimlərimiz ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləridir. Onların çoxunun Ulu Öndərlə bağlı maraqlı xatirələri var. Bu xatirələr dahi lideri bir daha şəxsiyyət kimi yaxından tanımağımıza səbəb olur”.
Rektor, həmçinin Azərbaycanın Qarabağ Zəfərindən söz açıb. Qeyd edib ki, möhtəşəm Zəfərimizə gedən yol məhz ümummilli lider Heydər Əliyev tərəfindən cızılmışdı: “Nə yaxşı ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bizi o yolla apardı və böyük Zəfərimizi qazandıq. Fikrimcə, bu Qələbə təkcə xalq olaraq deyil, həm də fərdlər olaraq hər birimizin içində, düşüncəsində inqilabi dəyişiklik etdi. Lakin biz bu yolun haradan başlandığını unutmamalıyıq. Ulu Öndərin vaxtilə etdiyi çıxışlarına baxarkən hər zaman Qarabağın, Şuşanın, Laçının, bütün işğal olunmuş torpaqların adlarını sevgiylə, eyni zamanda, inamla çəkdiyinin şahidi oluruq. Onun səsində hər zaman bu inam, nikbinlik olub ki, biz o torpaqları nə vaxtsa azad edəcəyik. Zaman onun bu inamında yanılmadığını bir daha bizə göstərdi”.
Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Əməkdar incəsənət xadimi, ADMİU-nun məzunu Abdulla Qurbani Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan Zəfər paradından bir il ötdüyünü xatırladıb: “Bu gün bəlkə də Azərbaycan tarixinin 200-250 il ərzində alnımızın ləkəsini qanımızla sildiyimiz bir günün - Zəfər bayramının ildönümüdür. Belə bir gündə bu cür tədbirdə olmaq, Heydər Əliyev kimi dahi şəxsiyyəti anmaq çox xoşdur. Bu Zəfər xalqımızın birliyinin, dövlətimizin iqtisadi gücünün, Heydər Əliyevdən miras qalan azərbaycançılıq məfkurəsinin, Azərbaycan-Türkiyə qardaşlığının və Prezident İlham Əliyevin hücum diplomatiyasının, sərkərdə məharətinin Qələbəsidir. Bu, ordu-xalq-dövlət birliyinin Qələbəsi idi”.
Abdulla Qurbani Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, onun ordu quruculuğundan geniş şəkildə bəhs edib. Qeyd edib ki, ulu öndər Heydər Əliyev təkcə prezidentlik dövründə deyil, hələ sovet dövründə də Azərbaycanda ordunun yaradılmasına, zabit heyətinin, hərbçilərin yetişməsinə xüsusi önəm verib, onların hərbi təhsil almaları üçün hər cür şərait yaradıb. Müstəqillik dövründə ölkəyə rəhbərlik etdiyi zamanlar isə bu fəaliyyətini daha da gücləndirib, Azərbaycanda hərbi lisey və məktəblərin açılmasına xüsusi diqqət göstərib. Cəmşid Naxçıvanski adına hərbi lisey və onun 1998-ci ildə Naxçıvanda açılmış filialı buna bariz nümunədir.
Tədbirdə Müdafiə Nazirliyinin zabiti, polkovnik Elşad Əbilov vurğulayıb ki, dahi lider Heydər Əliyevin uzaqgörən siyasəti, sərkərdəlik qabiliyyəti Ulu Öndərə Azərbaycanda zabitlər yetişdirən hərbi məktəblər yaratmağa imkan verirdi: “Ümummilli liderin bu məktəblərdə azərbaycanlıların sayını artırmaq üçün gördüyü işlər, eləcə də azərbaycanlı gənclərin başqa ölkələrdə hərbi təhsil almaları üçün yaratdığı şərait Azərbaycanın peşəkar zabitlərinin yetişməsinə səbəb oldu. Çox xoşbəxtəm ki, mən də o nəslin nümayəndələrindən biriyəm. Həqiqətən də bugünkü Qələbəmizə görə biz Ümummilli Liderə sonsuz minnətdarıq. Dahi şəxsiyyətin ordu birliklərinə gəlməsi, bizimlə səngərlərdə görüşməsi, orduya qarşı olan diqqəti, qayğısı, hərbi kadrların yetişdirilməsiylə bağlı gördüyü işlər, onları irəli çəkməsi bu gün Qələbəmiz üçün lazım olan əsas meyarlardandır. Ümummilli Liderin davamçısı Prezident İlham Əliyevin də bu sahədə gördüyü işlər çox təqdirəlayiqdir. Mən uzun illərdir orduda xidmət edirəm. Biz bilirdik ki, belə bir gün gələcək, müharibə başlayacaq və hər an bu günə hazırlaşırdıq. Bütün zabit, gizir, əsgər heyəti ölümünü gözə alıb Qələbəyə köklənmişdi”.
Tədbirdə “Heydər Əliyev və Qarabağ” sənədli filmi nümayiş olunub.
Sonra qonaqlar ADMİU-nun Vətən müharibəsi iştirakçılarının və şəhidlərinin şərəfinə açılmış Zəfər lövhəsi və Rəssamlıq fakültəsinin müəllimlərinin İkinci Qarabağ müharibəsinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Abdulla Qurbani Vətən müharibəsinə həsr etdiyi kitablarını rektor Ceyran Mahmudovaya və ADMİU-nun kitabxanasına hədiyyə edib.

Tehsil-press.az

Oxşar xəbərlər