Mədəniyyət və İncəsənət Universitetinin “SABAH” qruplarının müəllimləri onlayn ixtisasartırma kurslarında iştirak ediblər

Mədəniyyət və İncəsənət Universitetinin “SABAH” qruplarının müəllimləri onlayn ixtisasartırma kurslarında iştirak ediblər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “SABAH” qruplarının müəllimləri Rusiya Dövlət Teatr Sənəti İnstitutunun təşkil etdiyi onlayn ixtisasartırma kurslarında iştirak ediblər.
Yarım ay davam edən kurslar peşəkar aktyor, rejissor və teatr pedaqoqları üçün nəzərdə tutulub. ADMİU-nun müəllimləri kurs çərçivəsində Rusiya Dövlət Teatr Sənəti İnstitutunun rektoru Qriqori Zaslavski, Rusiyanın Xalq artisti, Dram rejissorluğu kafedrasının müdiri, professor İosif Rayhelhauz və bir sıra incəsənət xadimləri, görkəmli teatr pedaqoqlarının məşğələlərində iştirak ediblər.
Bununla yanaşı, aktyor sənəti, səhnə danışığı, səhnə hərəkəti və digər fənlərin onlayn tədrisinin daha keyfiyyətli təşkili üçün professor-müəllim heyəti ilə müzakirələr aparılıb.
ADMİU “SABAH” mərkəzinin təşəbbüsü ilə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə təşkil olunan ixtisasartırma kursunda iştirak edən müəllimlər təlimi uğurla başa vurduqları üçün sertifikat alacaqlar.
Qeyd edək ki, indiyədək praktiki dərslərin onlayn keçirilmə təcrübəsi olmadığı üçün bu ixtisasartırma kursları mövcud vəziyyətdən çıxış yolu kimi bir sıra məsələlərin həllinə müsbət təsir göstərəcək. Bununla əlaqədar, yeni təcrübələrin tətbiqi üçün ADMİU “SABAH” Rusiya Dövlət Teatr Sənəti İnstitutunun mərkəzinin tələbələrinə avqust ayında onlayn dərslərin keçirilməsi nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər