Əlyazmalar İnstitutunda “Şuşa İli” ilə bağlı görüləcək işlər müzakirə olunub

Əlyazmalar İnstitutunda “Şuşa İli” ilə bağlı görüləcək işlər müzakirə olunub AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının cari ildə ilk yığıncağı keçirilib. İclasın gündəliyində duran əsas məsələ Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında 5 yanvar 2022-ci il tarixli Sərəncamına müvafiq Əlyazmalar İnstitutunda icrası nəzərdə tutulan işlərin müzakirəsi olub.
İclası giriş sözü ilə açan institutun baş direktoru akademik Teymur Kərimli bu Sərəncamın Azərbaycan Respublikası Prezidentinin mədəniyyət siyasətinin uğurlu davamı olduğunu bildirib. Qeyd edib ki, Əlyazmalar İnstitutunda Sərəncamdan irəli gələn elmi-tədqiqat və nəşriyyat işlərinin, elmi-kütləvi və mədəni tədbirlərin planı hazırlanıb. “Qarabağ şairləri antologiyası”nın I cildinin, “F.Köçərli arxivinin təsviri”nin, “Üzeyir Hacıbəylinin publisistikasında dövrün ictimai-siyasi məsələləri (1905-1920)” monoqrafiyasının, “Şuşanamə” poetik əsərlər toplusunun, Məhəmməd ağa Müctəhidzadənin Qarabağ şairləri haqqında “Riyazül-aşiqin” təzkirəsi və Qarabağın tarixi ilə bağlı “Səfərnamə”sinin nəşrinin, “Qarabağın ədəbi-mədəni mühiti əlyazmalarda” mövzusunda elektron və səyyar sərginin, eləcə də institut əməkdaşlarının mövzu ilə əlaqədar nəşrlərindən ibarət ənənəvi kitab sərgisinin planda nəzərdə tutulduğu nəzərə çatdırılıb.
Şura üzvlərinin müzakirəsindən sonra plan təsdiqlənib.

Tehsil-press.az

Oxşar xəbərlər