Bolonya Prosesi üzrə İdarəetmə Qrupunun görüşü keçirilib

Bolonya Prosesi üzrə İdarəetmə Qrupunun görüşü keçirilib Bakıda Bolonya Prosesi üzrə İdarəetmə Qrupunun görüşü (Bologna Follow-Up Group (BFUG) Board Meeting) keçirilib. Görüşdə Avropanın 48 ölkəsinin və 8 təşkilatının (Avropa Komissiyası, UNESCO, Avropa Universitetlər Assosiasiyası, Avropa Tələbələr Assosiasiyası və digər) təmsilçiləri və Təhsil Nazirliyinin nümayəndələri iştirak edib. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsi tərəfindən onlayn təşkil edilən beynəlxalq səviyyəli tədbir təhsil nazirinin müşaviri Nicat Məmmədlinin moderatorluğu ilə aparılıb.
Tədbirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Ülkər Səttarova açılış nitqi ilə çıxış edib. Bildirib ki, Azərbaycan artıq ikinci dəfədir Bolonya Prosesi üzrə İdarəetmə Qrupunun görüşünə ev sahibliyi edir. Azərbaycan prosesə qoşulduğu ildən etibarən BFUG-nin Kvalifikasiyalar Çərçivəsi üzrə Avropa Ali Təhsil Məkanı Şəbəkəsinin, Kvalifikasiyalar Çərçivəsi və Kredit Sistemi, Kvalifikasiyaların Tanınması və Keyfiyyətin Təminatı qruplarının üzvü olub.
Azərbaycanın BFUG ilə əməkdaşlığı aşağıda qeyd edilənləri nail olmağı hədəfləyib:
- Üç səviyyəli ali təhsil sistemi;
- Avropa Kredit Transfer Sisteminin tətbiqi;
- Avropa standartlarına və qaydalarına uyğun olaraq yeni keyfiyyət təminatı sisteminin qurulması;
- Avropa Kvalifikasiyalar Çərçivəsinə uyğun Milli Kvalifikasiyalar Çərçivəsinin yaradılması;
- Tanınma qaydalarının sadələşdirilməsi və yenilənməsi;
- Əmək bazarı üçün diploma əlavənin təsis edilməsi;
- Universitet-sənaye əməkdaşlığının möhkəmləndirilməsi və s.
Sadalanan islahatlarla yanaşı, tədris prosesində tələbəyönümlü yanaşmanın tətbiqi, təhsil proqramlarının kompetensiya yönümlü hazırlanması, mobillik və ikili diplom proqramlarının həyata keçirilməsi, keyfiyyəti təmin edən yeni strukturun yaradılması, tanınma prosesinin asanlaşdırılması üzrə kifayət qədər işlər görülüb.
Qeyd edək ki, Azərbaycan 2005-ci ildən Bolonya prosesinə qoşulub və elə həmin ildən etibarən BFUG-un üzvüdür.
BFUG Avropa Ali Təhsil Məkanına (European Higher Education Area – EHEA) üzv olan ölkələrdə Bolonya prosesini dəstəkləyən idarəetmə strukturudur.

Tehsil-press.az

Oxşar xəbərlər