Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoyub

Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoyub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin və akademiyanın Qadınlar Şurasının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Öncə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva açaraq 30 il əvvəl Azərbaycanın Qarabağ ərazisini işğal etmək üçün Ermənistanın apardığı məkrli siyasətdən bəhs edib. Akademik bu proseslərin 1991-ci ildən daha intensiv xarakter aldığını və 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdiyini bildirib.
“Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş hadisələr arasında ilk sıralarda dayanır”, - deyə bildirən Gövhər Baxşəliyeva bəşəri cinayət olan Xocalı soyqırımının Ermənistan respublikasının siyasi və dövlət rəhbərliyinin təşkilatçılığı ilə həyata keçirildiyini xatırladıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə qısa müddət ərzində bütün müdaxilələrin qarşısının alındığını, ölkənin gündən-günə inkişaf etməsinə nail olunduğunu, həmçinin ordu quruculuğu sahəsində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə atılan məqsədyönlü addımlar, həyata keçirilən beynəlxalq siyasət Azərbaycanın bugünkü qələbəsinə zəmin yaradıb.
Akademik Gövhər Baxşəliyeva rəhbərlik etdiyi Şərqşünaslıq İnstitutunun da öz üzərinə düşən vəzifələri icra edərək Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində gördüyü işlərdən bəhs edib. Alimin sözlərinə görə, institut tərəfindən Xocalı qətliamına həsr edilən kitablar fars, ingilis və ərəb dillərində nəşr olunaraq bütün Şərq ölkələrinə təqdim edilib.
AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə çıxışında deyib ki, Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilən yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur. Şura sədri Xocalı faciəsinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması və günahkarların dünyaya tanıdılması istiqamətində səylərin birləşdirilməsinin vacibliyini qeyd edib.
Akademiyanın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin rəhbəri tarix elmləri doktoru Zemfira Hacıyeva Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda, əsrlər boyu keçdiyi mübarizə və azadlıq yolu olduğunu deyib.
Zemfira Hacıyeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin gərgin əməyi nəticəsində hazırda dünyanın əksər dövlətlərinin Xocalı qətliamını soyqırımı kimi tanıdığını vurğulayıb.
Daha sonra çıxış edənlər Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli hadisə, bəşəriyyətə qarşı yönəlmiş mənfur cinayət olduğunu bildiriblər. Xocalı soyqırımının hələ keçən əsrin əvvəllərindən xalqımıza qarşı törədilən kütləvi qırğınların davamı olduğu diqqətə çatdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər