Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi şurasının iclası keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi şurasının iclası keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının iclası keçirilib.
Əvvəlcə universitetin 100 illik yubileyi münasibətilə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi” döş nişanı və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edilmiş əməkdaşlara mükafatlar təqdim edilib.
İclasda ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxış edərək ötən dövr ərzində görülən işlərdən söz açıb. Qeyd edib ki, ali məktəbin 100 illik yubileyinin keçirilməsi, dövlət və özəl sektorun dəstəyi ilə icra olunan bir çox infrastruktur layihələri tədqiqat universiteti olmaq və ən keyfiyyətli pedaqoji ali təhsil vermək yolunda ADPU-nun durmadan irəlilədiyinin göstəricisidir.
“Xüsusilə qeyd etmək lazımdır ki, ADPU-da təhsil alan 45 nəfər şəhid qohumu olan tələbələrdən ödənişli əsaslarla oxuyan yeddisinin təhsil haqqını ödəməyi universitet öz öhdəsinə götürüb. Habelə bir neçə sahibkar universitetə müraciət edərək aztəminatlı ailələrdən olan müəyyən sayda tələbələrin təhsil haqlarını ödəməyi öhdələrinə götürüblər. Bu kimi sosial töhfələr böyük nümunədir”, - deyə Cəfər Cəfərov bildirib.
Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov universitetdə 2021/2022-ci tədris ilinin payız imtahan sessiyasının nəticələri barədə məruzə edib. Prorektor bildirib ki, ADPU-da imtahanlar tərtib olunmuş cədvəl üzrə bütün tədris korpuslarında keçirilib. Ümumilikdə 17 min 551 nəfər imtahanlarda iştirak edib.
Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov ADPU-nun elmi-tədqiqat və təşkilati fəaliyyəti barədə hesabatla çıxış edib. Prorektor magistrantların imtahan sessiyasının yekunları haqqında məlumat verib. O bildirib ki, imtahanlarda iştirak edənlərin əksəriyyətinin müvəffəqiyyət və keyfiyyət göstəriciləri yaxşı olub.
Tədris departamentinin müdiri dosent Sənan Əliyev ADPU-da tələbələrin təcrübələrinin təşkili, rektor müşaviri Ümid Mehdiyev isə maliyyə komissiyasının hesabat və təklifləri ilə bağlı məlumat veriblər. Təkliflərə əsasən Elmi şura ADPU-da əməkdaşların əməkhaqqının artırılması, o cümlədən yeni adlı təqaüdün təsis edilməsi haqqında qərar qəbul edib. İclas cari məsələlərin müzakirəsi ilə davam etdirilib.

Tehsl-press.az

Oxşar xəbərlər