Mingəçevir Dövlət Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Mingəçevir Dövlət Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib 2021-ci ilin 6 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Universitetin professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbirin qonağı 44 günlük Vətən Müharibəsində şəhid olmuş MDU-nun məzunu Əzəmi Hüseynovun anası Sayad Hüseynova olub.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan tədbiri açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, şəhid anası S.Hüseynovaya dəvəti qəbul edib tələbə və müəllim heyəti ilə görüşə gəldiyi üçün təşəkkürünü bildirib, onun timsalında bütün şəhid analarını, universitetin qadın əməkdaşlarını, tələbələrini və məzunlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Tarixən ölkəmizdə qadınlara böyük hörmət və ehtiram göstərildiyini diqqətə çatdıran Ş.Bayramov xalqımızın hər zaman qəhrəman qadınları ilə fəxr etdiyini bildirib. Ümummilli lider Heydər Əliyevin qadın əməyini və onun cəmiyyətdə rolunu yüksək qiymətləndirdiyini vurğulayan rektor hazırda ölkə başçımız cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qadınların ictimai həyatın bütün sahələrində fəallığının davamlı artdığını qeyd edib.
Bu gün Azərbaycan qadınının dünyada ölkəmizi ləyaqətlə təmsil etdiyini, milli maraqlarımızı qətiyyətlə müdafiə etdiyini bildirən Ş.Bayramov, bariz nümunə olaraq, Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin sosial, siyasi və mədəni inkişafında, humanizm, tolerantlıq və multikulturalizm ənənələrinin qorunması və möhkəmləndirilməsində misilsiz xidmətləri barədə ətraflı məlumat verib.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdə qadınlarımızın, xüsusilə də analarımızın rolundan danışan rektor məhz onların vətənə, xalqa layiqli vətəndaş kimi yetişdirdiyi övladların Azərbaycanın işğal olunmuş ərazilərini düşməndən azad etdiyini və hər birimizə qələbə sevinci yaşatdığını qeyd edib.
Şəhid anası S.Hüseynova övladının elinə, obasına bağlı olduğunu və hər zaman onunla fəxr etdiyini bildirib. Müzəffər Ali Baş Komandanımızın və yenilməz Azərbaycan əsgərinin sayəsində torpaqlarımızın düşmən işğalından azad olunduğunu qeyd edən S.Hüseynova bütün şəhidlərimizin qisasının alındığını və onların ruhunun şad olduğuna əminliyini ifadə edib.
Şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına təşəkkürünü bildirən S.Hüseynova övladının məzun olduğu doğma universitetdə böyük ehtiramla yad edilməsindən və onun əziz xatirəsinin daim uca tutulmasından razı qaldığını diqqətə çatdırıb.
Sonra, MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova, universitetin İctimai Nəzarət Şurasının üzvü Ədalət Quliyeva çıxış edərək qadınların gənc nəslin yetişdirilməsində, onların dünyagörüşünün formalaşdırılmasında böyük rol oynamasını vurğulayıblar, universitetdə elmi, pedaqoji və inzibati sahələrdə qadın əməkdaşların fəallıqlarından bəhs ediblər.
Tədbirdə çıxış edən universitetin digər qadın kollektiv üzvləri göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, MDU-da tələbələrin 50 faizindən çoxunu, əməkdaşların 70 faizə qədərini təşkil edən qadınlar universitet idarəçiliyinin bütün həlqələrində fəal təmsil olunurlar.

Tehsil-press.az

Oxşar xəbərlər