İqtisadiyyat İnstitutunda “Azərbaycanlıların soyqırımı (1918-ci il)” mövzusunda məruzə dinlənilib

İqtisadiyyat İnstitutunda “Azərbaycanlıların soyqırımı (1918-ci il)” mövzusunda məruzə dinlənilib Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. İnstitutun baş direktoru iqtisad elmləri doktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən tədbirə A.Bakıxanov adına Tarix İnstitutunun, ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.
Seminarda Tarix İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru Vaqif Abışov “Azərbaycanlıların soyqırımı (1918-ci il)” mövzusunda məruzə edib. Məruzədə qeyd olunub ki, erməni daşnakları bolşevik bayrağı altında, əlverişli siyasi şəraitdən istifadə edərək, əvvəlcədən hazırladıqları plana uyğun olaraq, Bakı şəhərində 1918-ci il martın 30-dan aprelin 1-nə kimi türk xalqına qarşı qırğın törədiblər. Bu, 12 mindən çox dinc insanın ölümü ilə nəticələnib.
Vaqif Abışov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyası (FTK) Bakı, Şamaxı, Quba, Lənkəran, Göyçay, Zəngəzur, Şuşa və Azərbaycanın başqa şəhər və kəndlərində erməni silahlı dəstələrinin dinc azərbaycanlılara qarşı törədikləri kütləvi qırğınları dünya ictimaiyyətinə çatdırmaq üçün 36 cild və 3 min 500 vərəqdən ibarət sənəd toplayıb. 1918-ci ilin sentyabrında FTK sədri Ələkbər bəy Xasməmmədovun tapşırığı əsasında komissiyanın üzvü Mirzə Cavad Axundzadə Bakıda ermənilər tərəfindən dağıdılmış və yandırılmış ictimai binaların və müsəlmanlara məxsus binaların şəklini fotoqraf Litvinova çəkdirmişdi. Həmin şəkillərdə Nikolayevsk küçəsindəki “Kaspi” qəzeti redaksiyası binasının, Müsəlman Xeyriyyə Cəmiyyətinin “İsmailiyyə” binasının şərq tərəfinin, “Dağıstan” mehmanxanasının yerləşdiyi, Bazar küçəsindəki Xanlarovun evinin, “İsgəndəriyyə” mehmanxanasının, Təzəpir məscidinin cənub tərəfinin, Şah məscidi minarəsinin şərq tərəfinin dağıdılmış olduğu əksini tapıb.
Vaqif Abışov bildirib ki, FTK tərəfindən toplanılmış materiallar ermənilərin 1918-ci ilin mart və aprel aylarında Şamaxı şəhərində və qəzasında törətdikləri vəhşiliklər haqqında da ətraflı məlumat verir. Ermənilər 1918-ci ilin mart-aprel aylarında Şamaxıya hücum zamanı təxminən 8 min nəfərdən çox türk-müsəlman əhalisini öldürüb. Yelizavetpol quberniyasının (Gəncə) Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəza kəndlərinin əhalisinə qarşı ermənilər tərəfindən törədilmiş soyqırımları, talan və digər zorakılıq hərəkətlərini özündə əks etdirən təhqiqat materialları əsasında ətraflı məruzələr hazırlanaraq komissiyaya təqdim edilmişdi. Komissiyanın sənədlərində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzündən silindiyi də qeyd olunub. Ermənilər Güney Azərbaycanın Xoy, Salmas, Urmiya, Sulduz və digər şəhər və kəndlərində də türk-müsəlman əhaliyə qarşı soyqırımı törədiblər. Bu soyqırımları nəticəsində 200 mindən çox insan amansızlıqla qətlə yetirilib.
Tarixçi alim vurğulayıb ki, öz doğma torpaqlarında yaşayan türk-müsəlman əhalisi ermənilər tərəfindən zaman-zaman qətlə yetirilib, sağ qalanlar deportasiya edilib, onların əmlakı mənimsənilib, həmin yerlərin tarixi abidələri məhv edilib. Ermənilər dünya dövlətlərini, xüsusən xristian dünyasını özlərinin yalan üzərində qurulmuş planlarına inandırıb, onlardan maliyyə, siyasi və hərbi kömək alaraq, Azərbaycan torpaqları hesabına 1918-ci ildə özlərinə dövlət qurmağa nail olublar. Bu gün də Ermənistan Azərbaycana qarşı məkrli siyasətini gizlətmir. Ona görə də düşmənin təcavüzkar planlarının qarşısını almaq üçün tarixin əvvəlki səhifələrindəki hadisələri dərindən öyrənməli, yadda saxlamalı və düşmənin təxribatlarına hazır olmalıyıq.
Sonra mövzu ilə bağlı suallar cavablandırılıb, xalqımıza qarşı ermənilərin tarixən törətdikləri soyqırımları, ərazi iddiaları, 1918-ci ildə regionda baş verən siyasi hadisələr, Azərbaycan tarixinin öyrənilməsi və tədrisi ilə bağlı problemlər ətrafında geniş müzakirələr aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər