Gənclərin vətənpərvərlik hissinin yüksəldilməsinə həsr olunan tədbir keçirilib

Gənclərin vətənpərvərlik hissinin yüksəldilməsinə həsr olunan tədbir keçirilib Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Mühəndislik fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “Gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi” mövzusunda maarifləndirici tədbir təşkil edilib.
Tədbirdə universitetin tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova və fakültənin dekanı dosent Elçin Səmədov çıxış edərək, tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi yetişmələri ilə bərabər, onların vətənini, dövlətini, torpağını, millətini sevən bir şəxsiyyət kimi də formalaşmasının xüsusi əhəmiyyətini vurğulayıblar. Gənclərin dövlətimizi dünyanın istənilən yerində layiqincə təmsil etmək baxımından onun tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, adət-ənənələrini yaxşı bilmələrinin vacibliyini diqqətə çatdırıblar.
Mühəndislik, Rəqəmsal iqtisadiyyat fakültələrinin və Dizayn məktəbinin professor-müəllim və tələbələrinin iştirak etdiyi tədbirdə “Regional hüquqi və iqtisadi maarifləndirmə” ictimai birliyinin sədri Arzu Bağırova məruzə ilə çıxış edib. O, ictimai birliyin fəaliyyətindən, gənclərimizin milli-mənəvi dəyərlərimizi qorumalarından söz açıb. Gənclərdə vətənpərvərlik hissinin yüksək olduğunu bildirən məruzəçi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsinin bunu bir daha əyani şəkildə sübut etdiyini bildirib.
UNEC-in 3 saylı tədris korpusundakı kitabxana ilə də tanış olan Arzu Bağırova, kitabxanaya, eləcə də tədbirdə iştirak edən tələbələrə ölkəmizin tarixi, görkəmli şəxsiyyətləri, adət-ənənələri, incəsənəti, mədəniyyəti, milli mətbəxinə həsr olunan kitablar hədiyyə edib.

Tehsil-press.az


Oxşar xəbərlər