Azərbaycan İlahiyyat İnstitutu əlaqələrini genişləndirir

Azərbaycan İlahiyyat İnstitutu əlaqələrini genişləndirir Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə ali təhsil müəssisəsinə yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun növbəti maarifləndirici tədbiri Mingəçevir şəhərində keçirilib.
Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və institutun əməkdaşları Mingəçevir Dövlət Universitetində (MDU) olublar.
C.Məmmədov MDU-nun rektoru Akif Hacıyevlə görüşüb. Görüşdə A.Hacıyev universitetdə təhsilin səviyyəsinin yüksəldilməsi, tədrisin səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən, əldə edilən nailiyyətlərdən bəhs edib. Həmçinin Aİİ ilə MDU arasında qarşılıqlı əlaqələrin hər iki tərəf üçün səmərəli olacağını bildirib.
C.Məmmədov MDU ilə İlahiyyat İnstitutu arasında qarşılıqlı əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirib. İnstitutun fəaliyyəti haqqında ətraflı məlumat verən C.Məmmədov xarici universitetlərlə yanaşı, yerli təhsil müəssisələri ilə də əlaqələrin qurulması istiqamətində səylərini davam etdirdiklərini vurğulayıb.
Görüşdə elm və tədqiqat sahəsində ikitərəfli əməkdaşlıq, maraq doğuran mövzularda təcrübələrdən qarşılıqlı faydalanma, birgə elmi konfrans, seminar, elmi-tədqiqat işləri və mühazirələrin təşkil olunması, iki ali təhsil müəssisəsi arasında müştərək fənlər üzrə müəllim mübadiləsinin formaları barədə müzakirələr aparılıb.
Daha sonra Aİİ rektoru və əməkdaşları Heydər məscidini ziyarət ediblər. Məscidə Aİİ-nin mətbu orqanı “İlahiyyatçı” qəzeti, institutun fəaliyyətini əks etdirən materiallar, “Qurani-Kərim”in Azərbaycan dilində tərcüməsi hədiyyə edilib.

Aİİ-nin Mətbuat Xidməti


Oxşar xəbərlər