Tələbələr arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalı yekunlaşıb

Tələbələr arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalı yekunlaşıb Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalına yekun vurulub. Müsabiqə-festival Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə reallaşıb.
Bədii yaradıcılıq müsabiqə-festivalının keçirilməsində məqsəd tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərməkdir. Həmçinin incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək də məqsədlər sırasında olub.
Müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində (musiqi təmayüllü ali təhsil müəssisələri istisna olmaqla) əyani təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər iştirak ediblər. Müsabiqə-festivalda ümumilikdə respublika üzrə 28 ali məktəb iştirak edib.
Ümumilikdə festivalda 3 mindən çox tələbə iştirak edib. Birinci mərhələdə ali təhsil müəssisələrində münsiflər heyətinin iştirakı ilə seçimlər aparılıb, ikinci mərhələdə seçilmiş ən yaxşı ifaçılar və kollektivlər festivalın yekun konsertində iştirak etmək hüququ qazanıblar.
Yekun konsertin nəticələrinə uyğun olaraq festival-müsabiqənin qalibləri müəyyən ediləcək. Hazırda müsabiqə-festivalın yekun konsertinə hazırlıq məşqləri davam etdirilir.
Müsabiqə-festivalın yekun konserti mayın birinci ongünlüyündə Bakıda keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər