Xalq Təhsili Muzeyinin 90 illik yubileyi qeyd olunub

Xalq Təhsili Muzeyinin 90 illik yubileyi qeyd olunub Xalq Təhsili Muzeyinin 90 illik yubileyi qeyd olunub.
Tədbirdə çıxış edən təhsil naziri Əmin Əmrullayev təhsil sistemində təhsil muzeyinin olmasını yüksək dəyərləndirib. Bildirib ki, muzey zəngin təhsil tariximizi yaşadır. O, muzey işinin olduqca əhəmiyyətli və müqəddəs xarakter daşıdığını diqqətə çatdırıb. Tarixi ənənələrin gələcək nəsillərə çatdırılması baxımından Xalq Təhsili Muzeyinin əhəmiyyətini vurğulayıb. Emin Əmrullayev qeyd edib ki, təhsil muzeyi yalnız eksponatların qorunduğu yer olmamalıdır, burada həm də təhsil tarixi araşdırılmalıdır. Muzey təhsil tariximizin inkişaf yolunun öyrənilməsinin prespektivlərini müəyyənləşdirmək baxımından zəruri əhəmiyyət daşıyır.
Nazir onu da qeyd edib ki, yeni tədris ilində - sentyabr-oktyabr aylarında STEAM muzeyinin açılması nəzərdə tutulur.
Xalq Təhsili Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Lalə Bayramova məlumat verib ki, hazırda Azərbaycanda 201 muzey fəaliyyət göstərir. Onların arasında Xalq Təhsili Muzeyi xüsusi yer tutur. Muzeyin fəaliyyəti Azərbaycanda pedaqoji fikrin, elm və təhsilin inkişaf tarixini əks etdirməkdən, təhsilin bütün pillələrində qazanılan uğurların təbliğ olunmasından ibarətdir. Muzeyin ekspozisiyasında müxtəlif dövrlərdə maarifin və bütövlükdə təhsilin inkişafı naminə fədakarcasına çalışan görkəmli maarifçilərin, ilk müəllimlərin, pedaqoq-alimlərin fəaliyyətini, ziyalıların ana dilində təhsil uğrunda mübarizəsini əks etdirən zəngin materialların olduğunu nəzərə çatdıran direktor bütün bunların təhsil tarixinin öyrənilməsi və təbliği sahəsindəki müstəsna əhəmiyyətindən söhbət açıb. Lalə Bayramova kollektivin səyi nəticəsində xalq maarifinin inkişafına dair bir çox zəngin materialların da muzey fonduna daxil edildiyini bildirib. Direktor onu da qeyd edib ki, toplanmış hər bir sənəd, material və eksponatlardan pedaqoji fikir tarixi ilə məşğul olan tədqiqatçılar, təhsil və mədəniyyət işçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, kinematoqrafiya işçiləri, eləcə də digər mütəxəssislərin istifadəsi üçün hərtərəfli şərait yaradılır. Muzeyin beynəlxalq əlaqələrindən bəhs edən Lalə Bayramova bildirib ki, muzey xarici ölkələrdə virtual sərgilər də təşkil edir.
Ekspozisiya şöbəsinin böyük elmi işçisi Aliyə Mustafayeva Xalq Təhsili Muzeyinin yaranma tarixi və fəaliyyəti haqqında məruzə edib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı pedaqogika üzrə elmlər doktoru Fərrux Rüstəmov, AMEA Tarix İnstitutunun Respublika tarixi şöbəsinin müdiri Mais Əmrahov, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova çıxışlarında Xalq Təhsili Muzeyinin Azərbaycan muzeyləri arasında tutduğu xüsusi yerdən bəhs edib, onun tarixinə nəzər salıblar.
Tədbirdə Xalq Təhsili Muzeyinin fəaliyyətində fərqlənən əməkdaşlar “Qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanla təltif olunublar.

Tehsil-press.az

Oxşar xəbərlər