BDU-da “Şuşa İli”nə həsr olunmuş ədəbi-bədii gecə

BDU-da “Şuşa İli”nə həsr olunmuş ədəbi-bədii gecə Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə “Şuşa İli”nə həsr edilən tədbirlər çərçivəsində tanınmış yazıçı, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli ilə görüş olub.
Görüşdə Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Ələmdar Cabbarlı 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Zəfərin əhəmiyyətindən, işğaldan azad olunmuş torpaqlarımızda aparılan geniş bərpa-quruculuq tədbirlərindən danışıb. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsinin böyük qürur hissləri doğurduğunu vurğulayıb.
Yazıçı Mustafa Çəmənlinin yaradıcılığı barədə məlumat verən Ə.Cabbarlı qeyd edib ki, o, Şuşanın tarixi, görkəmli şəxsiyyətləri, ədəbi-mədəni mühiti ilə bağlı onlarca bədii, publisistik və tədqiqat əsərlərinin müəllifi, naşiri, redaktoru və tərtibçisidir.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Vaqif Yusifli, tənqidçi Nərgiz Cabbarlı, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, müəllim, tarix üzrə fəlsəfə doktoru Leyla Abasova çıxış edərək Mustafa Çəmənlinin çoxşaxəli yaradıcılığının əhəmiyyətini vurğulayıb, onun əsərlərində Şuşa mühitinin yer aldığını qeyd ediblər.
Sonra Mustafa Çəmənlinin “Ləpirlər” hekayəsi səsləndirilib, Şuşaya həsr olunan mahnı və şeirlər ifa olunub.
Mustafa Çəmənli BDU-nun yeni açılmış “Kitab Evi”nə kitablarını hədiyyə edib.

Tehsil-press.az


Oxşar xəbərlər