Bakı Biznes Universitetində beynəlxalq elmi-praktik konfransın açılışı olub

Bakı Biznes Universitetində beynəlxalq elmi-praktik konfransın açılışı olub Bakı Biznes Universitetində (BBU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Keyfiyyət təminatı rəqabətqabiliyyətli iqtisadi inkişafın əsas amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
Konfrans “Rəqabətqabiliyyətli inkişafda resurslardan səmərəli istifadə prioritetləri”, “Rəqabətqabiliyyətli iqtisadi inkişafda keyfiyyətli maliyyə-uçot informasiya təminatı”, “Linqvistik keyfiyyət təminatı: dil və iqtisadiyyatın qarşılıqlı inkişaf prioritetləri”, “Riyaziyyat elminin və riyazi fənlərin tədrisinin bəzi aktual məsələləri”, “İşğaldan azad edilmiş ərazilərdə sosial işin təşkilinin keyfiyyət istiqamətləri” mövzularını əhatə edir.
Tədbiri giriş sözü ilə açan BBU-nun rektoru iqtisad elmləri doktoru, professor İbad Abbasov bildirib ki, konfransın məqsədi rəqabətqabiliyyətli iqtisadi inkişafda keyfiyyət təminatının, resurslardan səmərəli istifadənin və sosial inkişafın əsas prioritetlərinin müəyyən edilməsidir. Beynəlxalq konfransda respublikamızın tanınmış alimləri, tədqiqatçı-mütəxəssisləri ilə yanaşı 6 xarici ölkənin alimləri, tədqiqatçıları da iştirak edir.
İbad Abbasov vurğulayıb ki, güclü iqtisadiyyat güclü sosial rifaha əsaslanan güclü dövlət deməkdir. Hər bir dövlətin əsas sütunlarını, dayaqlarını güclü iqtisadiyyat təşkil edir. Güclü iqtisadiyyat yalnız kəmiyyətlə yox, həmçinin keyfiyyətlə ifadə olunur. Keyfiyyətli iqtisadiyyat davamlı və dayanıqlı iqtisadiyyat deməkdir. Bu gün dünyada iqtisadiyyat yeni inkişaf mərhələsinə qədəm qoyub. Dünya iqtisadi inkişafının yeni mərhələsində IV Sənaye İnqilabının əsas əlamətləri sayılan innovativ texnologiyaların və texnoloji proseslərin sürətlə inkişafı və iqtisadiyyatın bir sıra sahələrində baş verən sürətli rəqəmsallaşma prosesləri müasir iqtisadi inkişafın keyfiyyət amilləri hesab edilir.
BBU-nun rektoru qeyd edib ki, davamlı və rəqabətqabiliyyətli iqtisadi inkişafa nail olmaq dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə dayanıqlı və hərtərəfli iqtisadi artımın təmin olunması, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi, innovasiya mühitinin yaradılması, rəqabətli insan kapitalının formalaşdırılması kimi mühüm məsələlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Yasamal Rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. O qeyd edib ki, həm sovet dövründə, həm də müstəqillik illərində Ümummilli Lider xalqımızın və respublikamızın inkişafı, tərəqqisi naminə misilsiz işlər görüb. Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət davamlı olaraq Azərbaycana nailiyyətlər qazandırır. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərin əsasında da güclü iqtisadiyyat dayanırdı. Prezident İlham Əliyev tərəfindən aparılan düzgün iqtisadi siyasət həm də ordumuzun gücləndirilməsinə imkan verdi. Qələbədən sonra qarşımızda yeni hədəflər var. İnanıram ki, işğaldan azad olunmuş torpaqlarımızda iqtisadiyyatın yenidən qurulması ölkəmizin iqtisadi gücünü daha da artıracaq, bu istiqamətdə qarşıya qoyulan bütün hədəflərə nail olacağıq.
Milli Məclisin deputatı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadə konfransın əhəmiyyətindən bəhs edib. Bildirib ki, düşünülmüş iqtisadi siyasət ölkənin iqtisadi qüdrətini artırır. Milli iqtisadi siyasəti formalaşdırmaq üçün sənayeləşdirmə siyasətini təkmilləşdirmək lazımdır və bu zaman qloballaşmanın meyilləri nəzərə alınmalıdır. İşğaldan azad olunan ərazilərin iqtisadi potensialından istifadə edilməsindən söz açan Ziyad Səmədzadə mövcud reallıqları və perspektivləri diqqətə çatdırıb.
AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli dosent Allahyar Muradovla birgə apardıqları “Azərbaycanda regional iqtisadi inkişaf və diversifikasiya” mövzusunda tədqiqatı təqdim edib. O diqqətə çatdırıb ki, araşdırmada Azərbaycanın bölgələrinin iqtisadi inkişaf səviyyəsi yalnız statik yanaşma üzrə, yəni iqtisadiyyatın faktiki durumunu ifadə edən göstəricilər əsasında müqayisə edilir. Bu halda nə iqtisadi inkişafın sürəti (məsələn, iqtisadi artım tempi), nə də iqtisadi inkişafı şərtləndirən amillər (məsələn, əsas kapitala investisiyalar) nəzərə alınmayıb. Regional iqtisadiyyatın sahəvi diversifikasiyası isə sənaye, kənd təsərrüfatı, tikinti və xidmət arasında bağlanmasına əsaslanaraq hesablanıb. Azərbaycanın bölgələrində iqtisadiyyatın dayanıqlılığını qiymətləndirmək məqsədilə sahəvi diversifikasiyanın səviyyəsi araşdırılıb, bunun üçün “bərabər paylı sahələr” yanaşmasından istifadə olunub. Bu yanaşma əsasında hər bir iqtisadi rayon, respublika tabeli şəhər və inzibati rayon üçün sahəvi diversifikasiya sub-indeksi hesablanıb. Lakin şəhərlərdə iqtisadi fəaliyyətin sahəvi xüsusiyyətləri nəzərə alınmaqla respublika tabeli 5 şəhər üçün bir qədər fərqli yanaşma tətbiq olunub.
Digər çıxış edənlər konfransın mövzusunun aktuallığına toxunublar. Konfransda aparılan müzakirələrin, səsləndirilən fikirlərin, təkliflərin rəqabətqabiliyyətli inkişafda resurslardan səmərəli istifadə prioritetlərinin müəyyənləşdirilməsinə töhfə verəcəyini vurğulayıblar.
Konfrans bölmə iclasları ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər