Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır

Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızı zamanın ağır və sərt sınaqlarından çıxara bilib, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edib və onun həyata keçirilməsi üçün mühüm addımlar atıb. 1993-cü ildə xalqın Heydər Əliyevi Prezident seçməsi ilə qüdrətli Azərbaycan dövlətinin təməli qoyulub. Ümummilli Lider, ilk növbədə, ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparıb, bununla da respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açılıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və fiziki tərbiyə fakültəsinin dekanı dosent Laçın Həsənova bildirib.
L.Həsənova qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyulub. İqtisadi islahatlar, o cümlədən bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının həyata keçirilməsi prioritet sahələr olub. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalanıb. Bu, müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoyub və bu gün onun nəticələri göz qabağındadır. Ölkənin dayanıqlı inkişafının əsasını təşkil edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.
Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət kursu sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirib, ölkəmiz Cənubi Qafqazın lider dövlətinə, regionda gerçəkləşdirilən bütün transmilli layihələrin təşəbbüskarına və fəal iştirakçısına çevrilib. Ulu Öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verib.
Milli ordu quruculuğu sahəsində Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndərin rəhbərliyi ilə hələ sovet dönənimdə ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanıb. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradılıb. Müstəqilliyin ilk illərində milli ordunun formalaşdırılması, silahlı qüvvələrin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb, orduda kütləvi fərarilik hallarına son qoyulub, hərbi intizam möhkəmləndirilib. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra ordunun formalaşdırılması daha da sürətləndi. Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Vətən müharibəsində Zəfər qazanmağımız sübut etdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində torpaqlarımızı düşmən tapdağından azad etdi, Ermənistanın 30 illik işğalına son qoydu. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, dönməz iradəsi, liderliyi və sərkərdəliyi sayəsində Azərbaycan xalqı 200 illik tarixini bərqərar etdi.
Ölkəmizin son illərdə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət edib. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət uğurla davam və inkişaf etdirilir.
Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü lider kimi təsdiq edib. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Ulu Öndərin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxıb.

Tehsil-press.az

Oxşar xəbərlər