Şimali Koreyada epidemiya ilə mübarizəyə ordu da cəlb olunub

Şimali Koreyada epidemiya ilə mübarizəyə ordu da cəlb olunub Koreya Xalq Demokratik Respublikasında (KXDR) aprelin sonundan etibarən COVID-19 virusuna yoluxmaların sürətlənməsi səbəbindən ağırlaşan epidemik vəziyyətlə mübarizəyə hərbçilər də cəlb olunub.
Bu barədə ölkənin rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Bildirilir ki, KXDR lideri Kim Çen In ordunun epidemiya ilə mübarizəyə cəlb olunması üçün mayın 16-da sərəncam imzalayıb.
Agentlik hakim Koreya Fəhlə Partiyasının Mərkəzi Komitəsinin Koreya Xalq Ordusunun ölkənin təhlükəsizliyinin və əhalinin sağlamlığının qorunmasında əsas rol oynayacağını gözlədiyini yazıb.
Qeyd edək ki, son günlərədək ölkədə СOVID-19 virusunun olmadığını bəyan edən, hətta COVAX proqramı çərçivəsində vaksinlərdən də imtina edən rəsmi Pxenyan mayın 12-də virusa ilk yoluxmalar barədə açıqlama verib. KCNA agentliyi ilk yoluxma hallarından bəri 1,4 milyon nəfərdə qızdırma aşkarlandığını, 56 nəfərin öldüyünü açıqlasa da, neçə nəfərin koronavirus testinin cavabının pozitiv olması barədə məlumat verməyib.
KXDR lideri Kim Çen In ölkənin virusla mübarizəsində fövqəladə hal elan edib. Kim Çen In gözlənilməz böhranı dəf etmək üçün bütün şəhər və rayonlarda sərt qapanmaları tətbiq etməyi tapşırıb.

Tehsil-press.az


Oxşar xəbərlər