“Ayrılmadı könül candan!” müsabiqəsinin yekunlarına dair onlayn görüş keçirilib

“Ayrılmadı könül candan!” müsabiqəsinin yekunlarına dair onlayn görüş keçirilib Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Şuşa İli” çərçivəsində elan etdiyi “Ayrılmadı könül candan!” adlı hekayə və esse müsabiqəsinin yekunlarına dair onlayn görüş keçirilib.
Mərkəzin direktoru professor Sevinc Əliyeva gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, ana dilinə sevginin aşılanmasında bu kimi müsabiqələrin keçirilməsinin əhəmiyyətindən bəhs edib.
Mərkəzin əməkdaşları Gülarə Əmirova, Şahlar Məmmədov, münsiflər heyətinin üzvləri Sima Cəfərova, Mərziyyə Nəcəfova, Kəminə Məmmədova müsabiqənin Filologiya və Jurnalistika fakültələrinin tələbələrinin qazandıqları nəzəri bilikləri və yaradıcılıq xüsusiyyətlərini üzə çıxarmaq üçün geniş imkanlar yaratdığını bildiriblər. İlk onluğa daxil edilən yazıların dil və üslub xüsusiyyətləri təhlil edilib, məzmun rəngarəngliyi, bədii təsvir vasitələrindən düzgün istifadə, mövzuların əhatəliliyi kimi məqamlar xüsusi vurğulanıb. Həmçinin yazılarda rast gəlinən xarakterik səhvlər diqqətə çatdırılmaqla tələbələrə bu istiqamətdə müvafiq tövsiyələr verilib, milli-mənəvi sərvətimiz olan ana dilinin saflığının qorunması və inkişaf etdirilməsində gənclərin üzərinə düşən öhdəliklər xüsusi qeyd olunub.
Görüşdə iştirak edən tələbələr müsabiqə ilə bağlı təəssüratlarını bölüşərək vətənə sevgini, doğma yurda bağlılığı ifadə etmək üçün yaradılan fürsətə görə Monitorinq Mərkəzinin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər