AzMİU-da yaz semestrinin imtahanlarına hazırlıqla bağlı tələbələrin müraciət və təklifləri dinlənilib

AzMİU-da yaz semestrinin imtahanlarına hazırlıqla bağlı tələbələrin müraciət və təklifləri dinlənilib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova rektorluq, müəllimlər və ictimai təşkilatların nümayəndələri ilə birgə yaz semestrinin imtahanlarına hazırlıqla bağlı tələbələrlə görüşüb.
Görüşün təşkilində məqsəd yaz semestrinin imtahanlarına tələbələrin hazırlıq səviyyəsini öyrənmək, onların imtahanlarla bağlı çətinlik və problemlərini dinləmək, suallarını cavablandırmaq və onların imtahanlara hazırlıq prosesində qarşılaşa biləcəkləri çətinliklərin operativ həllinə nail olmaqdır.
Rektor universitet rəhbərliyinin tələbələrlə görüşünün ənənə halını aldığını, lakin COVID-19 pandemiyası səbəbindən belə görüşlərin məhdudlaşdığını, müəyyən vaxtlarda onlayn keçirildiyini bildirib. G.Məmmədova çıxışında pandemiyanın digər sahələrdə olduğu kimi, təhsil sisteminə, tədris prosesinə mənfi təsirinə toxunub, bütün çətinliklərə baxmayaraq, universitetdə dərslərin uğurla aparıldığını, müəllim və tələbələrin aktivliyini xüsusi vurğulayıb. Payız semestrində olduğu kimi, yaz semestrində də ənənəvi imtahanların təşkili qaydalarından danışan rektor artıq maska, imtahan zallarında say və digər məsələlərlə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını tələbələrin diqqətinə çatdırıb. Bildirib ki, postpandemiya dönəmində keçiriləcək imtahanlarda tələbələrə hər hansı güzəştlər edilməyəcək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunacaq. İmtahan nəticələrindən narazı qalan tələbələrin şikayətlərinin qısa zamanda araşdırılıb müvafiq qərar qəbul edilməsi üçün İmtahan qərargahı, Apellyasiya komissiyası yaradılacaq, hər bir müraciətə, şikayətə ayrı-ayrılıqda baxılacaq.
Çıxışının sonunda rektor universitet rəhbərliyinin hər zaman tələbələri dinləməyə, fikir, təklif və şikayətini eşitməyə hazır olduğunu deyib. Qeyd edib ki, ənənəyə çevrilən belə görüşlərin sonunda söylənilən təkliflər, iradlar istiqamətində işlər görüləcək, tələbələrin istəyi nəzərə alınacaq.
Tədris işləri üzrə prorektor Akif Qasımov da imtahan sessiyasının təşkilindən, imtahanların test, yazılı və qabiliyyət tələb olunan ixtisaslarda özünəməxsus formada keçiriləcəyindən, tələbələrin imtahanlara hazırlaşa bilməsi üçün imtahan qəbul ediləcək bütün fənlərin mühazirə mətnləri, fənlər üzrə imtahan suallarının artıq tələbələrin kabinetinə yerləşdirilməsindən danışıb. Tədris prosesində tələbələrin üzləşdiyi problemləri dinləməyə hazır olduğunu söyləyib, tələbələrə öz tövsiyələrini verib, qarşıdan gələn imtahan sessiyasında uğurlar arzulayıblar.
Görüşdə tələbələrin sualları ətraflı cavablandırılıb, müraciət və təklifləri dinlənilib. Görüşün sonunda rektor tələbələrə imtahan sessiyasında uğurlar arzulayaraq onları daha fəal və intizamlı olmağa çağırıb, problemlərinin yerindəcə həll edilməsinə dair göstərişlər verib.

Tehsil-press.az


Oxşar xəbərlər