Xarici dil imtahanına qeydiyyat aparılır

Xarici dil imtahanına qeydiyyat aparılır Doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanına qeydiyyat davam edir.
Mayın 24-ü saat 10:00-a olan məlumata görə, 213 nəfər (Azərbaycan - 181, rus - 32) ərizəsini təsdiq edib.
Qeydiyyat mayın 29-dək davam edəcək.
Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir. Xarici dil üzrə, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı DİM tərəfindən keçirilir. İmtahanda iştirak ödənişlidir. İddiaçılar ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına yuxarıda qeyd edilən imtahanların birində iştirak üçün tələb olunan 110 manat məbləğində pul vəsaitini əlavə etməlidirlər. İddiaçılar ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (110 manat) silinir. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar həm xarici dil, həm də Azərbaycan dili imtahanında iştirak etmək istədikləri təqdirdə, hər imtahanda iştirak etmək üçün 110 manat ödəməlidirlər.
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı iyunun 12-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının iyunun 13-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 16-dan etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.

Tehsil-press.az


Oxşar xəbərlər