Müstəqillik ən böyük dəyərimiz və sərvətimizdir

Müstəqillik ən böyük dəyərimiz və sərvətimizdir Müsəlman Şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür.
Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyaların tərkibinə qatılmaq məcburiyyətində qalıb. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanın mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdı.
Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.
1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafı istiqamətində önəmli addımlar atıldı.
Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, Azərbaycan bolşevik Rusiyasının işğalına məruz qaldı, xalqımız azadlığını itirdi.
Azərbaycan dövlət müstəqilliyini təxminən 70 il sonra – 1991-ci ildə bərpa edə bildi. Lakin əsl müstəqillik həyatımız 1993-cü ildə xalqımız ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət edəndən sonra başladı. İndi müstəqilliyimiz yetərincə möhkəmdir və məhz bunun nəticəsində Azərbaycan İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazandı. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu, xalqımızın çoxəsrlik tarixində, eləcə də müstəqillik dövründə qazandığı ən böyük Zəfərdir.
Müasir Azərbaycan 104 il əvvəl Xalq Cümhuriyyəti qurucularının arzuladığı, xəyal etdiyi qüdrətli dövlətdir. 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərtərəfli və dinamik inkişafdadır, ölkəmizin beynəlxalq imici durmadan möhkəmlənir. Vaxtilə imzalar içində imzası olmayan, çoxlarının tanımadığı Azərbaycan bu gün dünyada söz və nüfuz sahibidir. Fəxrlə qeyd edə bilərik ki, hazırda Azərbaycan dünyanın müstəqil siyasət yürüdən azsaylı ölkələrindən biridir. Bir sözlə, Ulu Öndərin və Prezident İlham Əliyevin yürütdüyü müdrik və qətiyyətli siyasət sayəsində müstəqilliyimiz əbədi, dönməz xarakter alıb.
Azərbaycan xalqı ikinci ildir ki, 28 May – Müstəqillik Gününü qalib xalq kimi qarşılayır. Bu əziz bayram erməni işğalından azad edilən torpaqlarımızda da qeyd olunur. Üçrəngli bayrağımız doğma Qarabağda – Şuşada, Ağdamda, Zəngilanda qürurla dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyev ənənəsinə sadiq qalaraq mayın 27-də - Müstəqillik Günü ərəfəsində Zəngilana səfər etdi. Rayonun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı oldu. Bununla da “Böyük Qayıdış” adlanan prosesə start verildi. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də məhz siyasi-iqtisadi müstəqilliyimizin nəticəsi, dövlətimizin gücünün göstəricisidir. Doğrudan da Azərbaycan tarixin heç bir dövründə indiki qədər güclü və qüdrətli olmayıb.
Bu gün Müstəqillik Günü xüsusi əhval-ruhiyyə, böyük sevinc və qürur hissi ilə qeyd olunur. Xəbər verildiyi kimi, bu gün qardaş ölkənin - Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək və Müstəqillik Günündə xalqımızla bərabər olacaq. Bu isə milli bayramımıza xüsusi dəyər qatacaq, Azərbaycan-Türkiyə qardaşlığını bütün dünyaya bir daha nümayiş etdirəcək.
Müstəqil Azərbaycan hər birimizin qürur mənbəyidir. Müstəqillik ən böyük dəyərimiz və sərvətimizdir. Xalqımız qanı-canı bahasına əldə etdiyi bu sərvəti əzmlə qoruyur və əbədi qoruyacaq.

Tehsil-press.az

Oxşar xəbərlər