Memarlıq və İnşaat Universiteti Türkiyənin ali məktəbləri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Memarlıq və İnşaat Universiteti Türkiyənin ali məktəbləri ilə əməkdaşlıq əlaqələrini genişləndirir Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimlərindən ibarət nümayəndə heyəti Türkiyədə ezamiyyətdə olublar.
Tədris işləri üzrə prorektoru Akif Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankara və Hacettepe universitetlərində səmərəli görüşlər keçirib, işgüzar danışıqlar aparıblar.
Ezamiyyət Ankara Universiteti, orada aparılan elmi tədqiqat işləri ilə yaxından tanışlıq, təhsilin Avropa standartlarının meyarlarının daha dərindən öyrənilməsi, gələcəkdə elektrik və elektronika mühəndisliyi ixtisası üzrə ikili diplom layihəsinin işlənilməsi üçün hazırlıq məqsədi daşıyıb. Ankara Universitetinin rektoru professor Necdet Ünüvar nümayəndə heyətini yüksək səviyyədə qəbul edib, çıxışında Azərbaycana xüsusi məhəbbətini vurğulayıb və xalqımızı möhtəşəm Qələbə münasibətilə təbrik edib.
Görüşdə Akif Qasımov səmimi qəbul üçün Ankara Universitetinin rəhbərliyinə təşəkkür edib. O, Azərbaycan xalqının Vətən müharibəsində tarixi Qələbəsində Türkiyənin dəstəyini xüsusi vurğulayıb. Eyni zamanda, AzMİU-nun prorektoru səfərin məqsədi haqqında qısa məlumat verib, universitetlərimiz arasında əlaqələrin genişləndirilməsində maraqlı olduğumuzu görüş iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov uyğun kafedralar arasında gələcəkdə elmi-tədqiqat işlərinin aparılması, onlayn formatda birgə elmi seminarların, beynəlxalq konfransların keçirilməsinin vacibliyini qeyd edib.
Ezamiyyət zamanı müəllimlər Ankara Universitetinin elmi-texniki bazası və texnokəndi, Mühəndislik fakültəsinin dekanlığı, Elektrik və elektronika bölümünün auditoriya və laboratoriyaları, pedaqoji kollektivi ilə tanış olub, mühazirə dərslərində iştirak edib, gələcəkdə görüləcək işlər haqqında müzakirələr aparıblar.
Daha sonra A.Qasımovun rəhbərlik etdiyi nümayəndə heyətinin bir qrupu Hacettepe Universitetinin prorektoru professor Vural Gökmənlə görüşüb. Görüşdə Sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri Ruhəngiz Əliyeva, İqtisadi nəzəriyyə və marketinq kafedrasının baş müəllimi Rumella Cəfərova, Biznesin iqtisadiyyatı və menecment kafedrasının dosenti Elşad Yusifov da iştirak edib. Səmimi qəbula görə Vural Gökmənə təşəkkürünü bildirən Akif Qasımov zəngin ənənələrə, müasir infrastruktura və güclü potensiala malik olan qardaş ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olan Hacettepe Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. A.Qasımov AzMİU-nun potensial inkişaf istiqamətləri və strateji hədəfləri barədə ətraflı məlumat verib, tələbə- müəllim mübadiləsi, birgə elmi konfransların təşkili, ortaq layihələrin icra edilməsi və digər sahələrdə ikitərəfli əməkdaşlıq üçün mövcud imkanların səfərbər edilməsinin önəmindən danışıb.
Vural Gökmen hər iki ali təhsil müəssisəsinin iqtisad profilli fakültələri arasında qarşılıqlı faydalı işbirliyinin potensial nəticələrinə dair fikirlərini bölüşüb. Hacettepe Universitetində davam edən görüşdə iqtisadi ixtisaslar üzrə birgə fəaliyyətin detalları müzakirə olunub.
AzMİU-nun əməkdaşları universitetin kitabxanası, İqtisadi və inzibati elmlər fakültəsinin müəllimləri və tələbələri ilə də tanış olublar. Fakültənin dekanı professor Mustafa Umur Tosun həmkarlarına fakültə haqqında məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran çoxsaylı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, ilkin mərhələdə atılacaq addımlardan danışılıb.

Tehsil-press.az


Oxşar xəbərlər