BDU tələbələri Şamaxı Safari Parkında qorunub saxlanılan genetik qiymətli heyvanlar haqqında məlumatlandırılıblar

BDU tələbələri Şamaxı Safari Parkında qorunub saxlanılan genetik qiymətli heyvanlar haqqında məlumatlandırılıblar Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində təhsil alan IV kurs tələbələri Şamaxı rayonunda çöl-tədris təcrübəsində olublar.
AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Səbahəddin Alışov tələbələrə rəsədxananın yaranma tarixi, ərazisi üçün Pirqulunun seçilmə səbəbi, görülən işlər və aparılan tədqiqatlardan danışıb. O, rəsədxanada müxtəlif illərdə istifadəyə verilmiş üfüqi Günəş, AST-452, AZT-8, “Seyss-600” teleskopları haqqında məlumat verib, onların işləmə mexanizmini izah edib.
Təcrübə zamanı tələbələrin sualları cavablandırılıb, astrofizika, qalaktikalar, “böyük partlayış”, “qara dəlik”, kosmosun çirklənməsi və s. mövzularda maraqlı diskussiyalar aparılıb.
Tələbələrə Dağlıq Şirvan iqtisadi-coğrafi rayonuna daxil olan Şamaxı rayonu, bu ərazinin torpaq-landşaft komplekslərinin növləri, kənd təsərrüfatı, sənaye, istirahət-rekreasiya ehtiyatları və s. haqqında məlumat verilib. Rayonun müxtəlif ərazilərində havada ozonun, ammonyakın, suda və torpaqda pH-ın miqdarı təyin edilib, portativ dozimetr vasitəsilə müxtəlif yerlərdə radiasiyanın səviyyəsi ölçülüb. Sumqayıtçay, Ceyrankeçməz və Pirsaat çaylarının qidalanma rejiminin qiymətləndirilməsi, kadastr rayonları üzrə hündürlük qurşaqları boyunca torpaq tipləri, landşaft strukturu və meşə örtüyünün əvəzlənməsi prinsiplərinə yerində baxış keçirilib.
Bölgənin dini-sakral (Pirsaat baba kompleksi, Şamaxı Cümə məscidi) və tarixi-maddi abidələri (Türk şəhidliyi məzarları) ziyarət edilib. Yaşayış məntəqələrinin ərazi üzrə paylanması, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin səmərəli istifadəsi, dövlət və bələdiyyə fondu torpaqlarının məqsədli təyinatı və hüquqi rejimə görə reqlamentlərinin müqayisəli təhlilləri aparılıb.
Qafqazda yeganə ekopark olan Şamaxı Safari Parkına səfər zamanı ərazidə qorunub saxlanılan və sayı artırılan nəcib maral, xallı maral, Altay maralı, muflon, alkapa, lama və zubr kimi genetik qiymətli heyvanlar haqqında məlumat əldə edilib.
Təcrübənin sonunda tələbələr Qobustan rayonu ərazisində Kənd Təsərrüfatı Nazirliyinin Sərgi Mərkəzinə gedərək orada yerli mütəxəssislərin iştirakı ilə Heyvandarlıq kompleksinin işi barədə məlumat əldə ediblər. Ən müasir texnologiyaların tətbiq edildiyi istehsalat sahələrində heyvanlara göstərilən qulluğun səviyyəsi tələbələrdə böyük maraq yaradıb.
Səfərin sonunda tələbə və müəllimlər Qobustan rayonu ərazisində naməlum türk əsgərinin məzarını ziyarət ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər