Geoloq alimlərin növbəti seminar Cənubi Xəzər hövzəsinin karbohidrogen yataqlarına həsr olunub

Geoloq alimlərin növbəti seminar Cənubi Xəzər hövzəsinin karbohidrogen yataqlarına həsr olunub AMEA-nın Geologiya və Geofizika İnstitutunda növbəti ümumrespublika elmi seminarı keçirilib.
Tədbiri açan müəssisənin baş direktoru akademik Akif Əlizadə institutda keçirilən elmi seminarların əhəmiyyətindən danışıb.
Seminarda akademik Əkpər Feyzullayev “Cənubi Xəzər hövzəsində karbohidrogen yataqlarının formalaşmasının çöküntü-kondensasiya modeli” mövzusunda geniş təqdimat edib.
Ə.Feyzullayev bildirib ki, çöküntü hövzələrində karbohidrogen yataqlarının əmələgəlmə mexanizmi hələ də geoloqlar arasında müzakirə mövzusudur. Bu, həm karbohidrogen yataqlarının mənşəyi haqqında müxtəlif nəzəriyyələrin olması, həm də müəyyən qrup hövzələr arasında geoloji inkişaf tarixi, geotektonik quruluş, geodinamik şərait, maddi tərkib və s. baxımından əhəmiyyətli fərqlə bağlıdır. Bu baxımdan dünyanın ən qədim neft-qaz əyaləti olan Cənubi Xəzər hövzəsi əsrdən çoxdur ki, geoloqların hərtərəfli tədqiqatlarının obyektinə çevrilib.
Təqdimatda Cənubi Xəzər hövzəsinin neft və qaz yataqları və palçıq vulkanları üzrə uzun illər ərzində aparılan çöl, analitik və mədən tədqiqatlarının nəticələri ümumiləşdirilərək göstərilib.
Akademik diqqətə çatdırıb ki, bazal laylarda (əsasən mezozoy) yüksək molekulyar karbohidrogen yataqlarını həll etmək qabiliyyətinə malik superkritik flüidin (metan və su buxarı) əmələ gəlməsinə səbəb olan gərgin temperatur şəraiti (250-500ºС) mövcuddur.
Dərin çöküntülərin yüksək dərəcədə qapalılığı şəraitində (qeyri-normal yüksək flüid təzyiqlərinin əmələ gəlməsi ilə əks olunan) qaz-buxar məhlulunun kütlə daşınmasında fokuslanmış impuls-injeksiya miqrasiya forması üstünlük təşkil edir. Birfazalı buxar-qaz məhlulunun subvertikal axınları ana süxurların özlərində əmələ gələn qazlarla birlikdə maye karbohidrogen yataqlarının emiqrasiyasında böyük rol oynayır. Bu axınların miqrasiya yolları çatlar sistemi, tektonik pozulmalar, dərin qırılmalar və palçıq vulkanlarının kanallarıdır.
Akademik Əkpər Feyzullayevin təqdimatı ətrafında çıxışlarda çoxsaylı mülahizələr səsləndirilib, suallar cavablandırılıb, təkliflər verilib.
Elmi şura bütün bunlara əsaslanaraq təqdimatı yüksək qiymətləndirib və tədqiqatların davamlı olmasını tövsiyə edib.

Tehsil-press.az


Oxşar xəbərlər