Geologiya və Geofizika İnstitutunun fəaliyyət planı təsdiqlənib

Geologiya və Geofizika İnstitutunun fəaliyyət planı təsdiqlənib Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının iclası keçirilib.
Karantin rejiminin tələblərinə uyğun təşkil olunan tədbiri müəssisənin direktoru, akademik Akif Əlizadə açaraq şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.
SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü, sovet dövründə əlvan metallurgiya sənayesinin formalaşmasında müstəsna xidmətləri olmuş Əli Əmiraslanovun 120 illik yubileyi ilə bağlı çıxış edən A.Əlizadə görkəmli alimin həyat və fəaliyyətinin önəmli məqamlarına toxunub. Tədbirdə, həmçinin Ə.Əmiraslanova həsr edilmiş sənədli film nümayiş olunub.
Sonra elmi katib, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Lətifova qurumun 2021-ci il üçün əsas elmi-tədqiqat işlərinin əhatəli planının layihəsini təqdim edib.
Akademik Pərviz Məmmədovun təklif etdiyi “Yeni geofiziki məlumatlar əsasında Cənubi Xəzər meqahövzəsinin dərinlik tektonikası və təkamülünün modelləri (2021-2025)”, həmçinin “Skif-Turan platformasının və cənubdakı mikroplitələrin təmas zonasında yer qabığının və tektonik-sedimentasiya komplekslərinin yaranmasının geodinamiki şəraitləri (2021-2023)” mövzularının institutun tematik planına daxil edilməsi müzakirə olunub.
2021-ci il üçün əsas elmi-tədqiqat işlərinin əhatəli planının layihəsi və qoyulmuş mövzular bəzi dəyişiklik və təkliflər nəzərə alınaraq şura üzvləri tərəfindən təsdiqlənib.

Tehsil-press.az

Oxşar xəbərlər