Çinin ilk azərbaycanşünas tələbələrinin diplom işi müdafiəsi keçirilib

Çinin ilk azərbaycanşünas tələbələrinin diplom işi müdafiəsi keçirilib Çinin nüfuzlu ali təhsil ocağı olan Pekin Xarici Dillər Universitetində (PXDU) Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələrin diplom işlərinin müdafiəsi keçirilib.
Azərbaycan dili ixtisası üzrə təhsil alan 9 tələbədən ali təhsil ocağının qaydalarına əsasən püşkatma nəticəsində beşi müdafiədə iştirak edib, qalan 4 nəfərin diplom işi isə elmi rəhbərin qiymətləndirməsi əsasında müdafiə olunub.
Diplom müdafiəsinə buraxılan tələbələr Vanq Sıyüən, Lu Si, Bu Cinyüe, Tanq Yüsüən və Hu Aycinq öncə Azərbaycan dili, mədəniyyəti, tarixi, keçmiş Qarabağ münaqişəsi və digər mövzuları əhatə edən buraxılış işlərini Azərbaycan dilində ətraflı izah ediblər. Tələbələr mövzuların əhəmiyyətini, əsas məğzini, tədqiqat metodlarını, nəzəri əsaslarını təqdim ediblər. Sonda tələbələr universitetin Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin, türk dili kafedrasının dosenti filologiya üzrə fəlsəfə doktoru Liu Gaonun və türk dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Quan Bonun suallarını cavablandırıblar. Diplom işləri Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyevin elmi rəhbərliyi altında tamamlanıb.
Xatırladaq ki, 2015-ci ildə Çinin Təhsil Nazirliyi əsasən Çin Xarici İşlər Nazirliyi və ölkənin digər dövlət qurumları üçün kadrlar hazırlanması ilə məşğul olan Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisasının yaradılması ilə bağlı qərar qəbul edib. Növbəti tədris ilində Azərbaycan dili 3-cü dil kimi tədris olunub. Nazirliyin qərarı ilə 2018-ci ildə ümumrespublika qəbul imtahanı vasitəsilə Azərbaycan dili ixtisasına qəbul həyata keçirilib. Bu ixtisas nəinki Çində, bütün dünyada əcnəbilər üçün nəzərdə tutulmuş yeganə Azərbaycan dili ixtisasıdır. Azərbaycan dili kafedrası çinli azərbaycanşünas kadrlar yetişdirməklə yanaşı, Çin-Azərbaycan arasında təhsil və elmi əlaqələrin inkişafında da mühüm rol oynayır.
Azərbaycan tərəfinin təşəbbüsü və dəstəyi ilə burada ötən illərdə dəfələrlə ölkəmizlə bağlı tədbirlər keçirilib, Azərbaycan həqiqətlərini, dilimizi və mədəniyyətimizi təbliğ edən layihələr icra olunub. Belə ki, “Nəsimi İli” çərçivəsində 2019-cu ildə universitetdə Heydər Əliyev Fondunun dəstəyilə Azərbaycan dili və ədəbiyyatı sərgisi də keçirilib. “Nizami Gəncəvi İli”ndə isə Azərbaycan dili kafedrasının həyata keçirdiyi “Nizami irsi” adlı elmi-ədəbi layihə çərçivəsində Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan elmi jurnal çap olunub. Jurnala Azərbaycan dili ixtisası üzrə təhsil alan çinli tələbələrin 11 işi daxil edilib.
Yüzdən çox xarici dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələr tədris müddətində AZƏRTAC-da təcrübə keçiblər. Onlar AZƏRTAC-ın xəbərlərinin Çin dilinə tərcüməsində və redaktəsində iştirak edərək, Azərbaycan dili üzrə biliklərini təkmilləşdirməklə yanaşı, ölkəmizin müasir inkişafı, xalqımızın zəngin mədəniyyəti barədə bilgilər əldə ediblər. Bu da onların hazırlıqlı azərbaycanşünas kadrlar kimi yetişmələrində səmərəli olub. Bundan başqa, PXDU-nun Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələri AZƏRTAC-ın Çin Xalq Respublikasındakı müxbir məntəqəsi ilə də yaxından əməkdaşlıq ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər