Azərbaycan Turizm və Menecment Universitetində “Açıq qapı” günü

Azərbaycan Turizm və Menecment Universitetində “Açıq qapı” günü Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2021/2022–ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının gedişini izləmək məqsədilə “Açıq qapı” günü keçirilib. Universitetdə cari tədris ilinin yay imtahan sessiyası ənənəvi formada təşkil olunub.
Rektor İlham Mədətov elmin incəliklərinə bələd olmaq, seçdiyi peşənin gələcəkdə layiqli mütəxəssisi olmaq üçün elmi biliklərə yiyələnməyin əsas meyar olduğunu diqqətə çatdırıb. Rektor şəffaflığı qorumaq, neqativ hallara imkan verməmək üçün İmtahan Qərargahına daxil olan hər bir şikayətin, imtahanların təşkilində və gedişində baş verən nöqsanların operativ aradan qaldırılacağını söyləyib. O, qiymətləndirilməsindən narazı olan tələbələr üçün ATMU-da fəaliyyət göstərən Apellyasiya Komissiyasının tərkibinə Aynur Bağırlı, Orxan Musa və Ayan Abbasovanın daxil edildiyini və “Qaynar xətt”in gün ərzində açıq olduğunu bildirib.
Sonra Milli Məclisin deputatı AMEA-nın müxbir üzvü Musa Qasımlı tələbələrə imtahanda uğurlar arzulayıb.
İmtahan sessiyası təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2022-ci il 19 may tarixli əmrinin tələblərinə uyğun olaraq Tədrisdə qiymətləndirmə şöbəsi tərəfindən, o cümlədən dekanlıq və kafedra nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Yaz semestrinin yay imtahan sessiyası iyunun sonunadək davam edəcək. ATMU-da 3 fakültə fəaliyyət göstərir. Bakalavriat səviyyəsində 46 qrup üzrə 1043-ə yaxın tələbə, magistraturada isə 10 ixtisaslaşma üzrə 119 nəfər imtahan verəcək. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2022-ci il iyunun 30-dan iyulun 1-dək şərait yaradılacaq. İyunun 28-də isə buraxılış qrupları üçün Yekun Dövlət Attestasiyasının keçirilməsi nəzərdə tutulur. Müvafiq olaraq magistr dissertasiya işlərinin müdafiəsi iyun ayı ərzində qrafikə uyğun təşkil olunacaq.
Qeyd edək ki, 2021/2022-cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyası ərzində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə ATMU-da İmtahan Qərargahı yaradılıb. Qərargahın sədri rektor İlham Mədətov, müavinləri prorektorlar Zaur Bağırov və İranə Əliyevadır. İmtahan Qərargahına Milli Məclisin üzvü Musa Qasımlı, Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, “Skal İnternational Baku”nun prezidenti Ceyhun Aşurov, Milli QHT forumunun Turizm İnkişaf Mərkəzinin rəhbəri Ruslan Quliyev, KİV nümayəndələri, universitetin Tələbə Gənclər Təşkilatının sədri Rəşid Məmmədov və valideynlər daxildir.

Tehsil-press.az

Oxşar xəbərlər