Dövlət İmtahan Mərkəzi Türkiyənin qabaqcıl qiymətləndirmə qurumu ilə əməkdaşlığa başlayıb

Dövlət İmtahan Mərkəzi Türkiyənin qabaqcıl qiymətləndirmə qurumu ilə əməkdaşlığa başlayıb Mövcud pandemiya ilə əlaqədar onlayn keçirilən tədbirdə sənədin imzalanmasından əvvəl DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Yunus Əmrə İnstitutunun sədri professor Şərəf Atəş açılış nitqi ilə çıxış ediblər.
Qeyd olunub ki, protokola əsasən DİM Türkcə Yetərlik İmtahanının (TYS) Azərbaycan ictimaiyyətində tanıdılması, bu imtahanın etibarlı və təhlükəsiz qaydada keçirilməsi üçün texniki infrastrukturun yaradılması, bununla yanaşı xaricilərə Azərbaycan dilinin öyrədilməsi məqsədilə dərslik vəsaitləri, onlayn tədris və imtahan platformasının inkişaf etdirilməsi, eyni zamanda, Azərbaycan dili xarici dil kimi imtahanının ərsəyə gətirilməsi üçün Yunus Əmrə İnstitutu ilə qarşılıqlı əməkdaşlıq imkanları yaradacaq.
Sənədə görə, institut xaricilərə Azərbaycan dilinin öyrədilməsi məqsədilə dərslik və köməkçi materialların (elektron və çap) tərtib olunması, elektron “Azərbaycan dilinin tədrisi portalı”nın yaradılması, Avropa Şurasının çərçivə sənədi (CEFR) əsasında “Sertifikat imtahanları (A1-C1)” və “Səviyyə ölçmə imtahanının (SÖİ)” nümunəsi əsasında Azərbaycan dili səviyyə ölçmə imtahanı ilə sertifikat imtahanının məzmun və materiallarının, eyni zamanda, xarici dil kimi Azərbaycan dilinin tədrisi məqsədilə bu sahədə fəaliyyət göstərəcək müəllim və tədris işçilərinin yetişdirilməsi üçün təlimçilərin təlim proqramlarının hazırlanmasına dəstək verəcək.
DİM isə öz növbəsində CEFR əsasında hazırlanan və Türkiyə universitetlərində təhsil almaq istəyən azərbaycanlı tələbələrin türk dili üzrə bir çox üstünlükləri özündə birləşdirən TYS-nin tanınmağına töhfə verəcək, TYS-nin etibarlı və təhlükəsiz qaydada keçirilməsi üçün lazımi bütün texniki xidmətləri təmin edəcək.
Sonra əməkdaşlıq protokolu imzalanıb. Sənədi DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Yunus Əmrə İnstitutunun sədri professor Şərəf Atəş imzalayıb.
Protokolun imzalandığı onlayn görüşdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu sənədin əhəmiyyətini, həmçinin iki qardaş dövlətin hər zaman bir-birinin yanında olduğunu vurğulayıb.
Tədbirə Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin müdiri Səlçuk Karakılıç və DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn moderatorluq edib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 iyul tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən Nazirlər Kabinetinin “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması”nın təsdiq edilməsi barədə Sərəncamından irəli gələn fəaliyyətin həyata keçirilməsində DİM icraçı qurumlardan biri olaraq göstərilib.

Tehsil-press.az

Oxşar xəbərlər