Əlyazmalar İnstitutunda Xurşidbanu Natəvanın 190 illiyi qeyd olunub

Əlyazmalar İnstitutunda Xurşidbanu Natəvanın 190 illiyi qeyd olunub AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan bədii fikrinin görkəmli siması, Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş “Xurşidbanu Natəvan Əlyazmalar İnstitutunun materiallarında” mövzusunda interaktiv elmi-kütləvi tədbir keçirilib.
Əvvəlcə “Xurşidbanu Natəvanın irsi əlyazmalarda” mövzusunda sərginin açılışı olub. Sonra Xurşidbanu Natəvanın institutun fondunda mühafizə olunan fotoportreti əsasında hazırlanmış sənədli-bədii obrazının təqdimatı, yəni onun geyiminin foto əsasında bərpası və qrafika ilə portretinin çəkilməsi həyata keçirilib. Daha sonra Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin biblioqrafı Gülnarə Ağayevanın hazırladığı “Xurşidbanu Natəvan-90” kitabının təqdimatı olub.
Əlyazmalar İnstitutunun elmi ekspozisiya zalında keçirilən tədbiri giriş nitqi ilə institutun baş direktoru akademik Teymur Kərimli açıb. O, tədbiri ərsəyə gətirən hər kəsə öz təşəkkürünü bildirib.
Tədbir “Xurşidbanu Natəvan Əlyazmalar İnstitutunun materiallarında” mövzusunda elmi sessiya ilə davam edib. Sessiyada Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri, Rusiya Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru Abuzər Bağırov “Xurşidbanu Natəvanın əsərləri rus mətbuatında”, Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov “Xurşidbanu Natəvanın lirikası”, baş elmi işçi filologiya elmləri doktoru, professor Raqub Kərimov “Xurşidbanu Natəvan və Qarabağ ədəbi mühiti”, böyük elmi işçi Azərbaycan Yazıçılar Birliyinin İrs Komissiyasının sədri Sona Xəyal “Xurşidbanu Natəvan dövrü mətbuat səhifələrində” və müəssisənin dissertantı Səadət Mustafayeva “Xurşidbanu Natəvan Əlyazmalar İnstitutunun şəxsi arxiv materiallarında” mövzusunda məruzə ediblər. Sonra məruzələr ətrafında çıxışlar dinlənilib.
Kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, filologiya üzrə fəlsəfə doktorları Aytən Qurbanova, Əlimuxtar Muxtarov və Əzizağa Nəcəfov çıxışlarında Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin iz qoymuş şairənin parlaq istedada və qabaqcıl ideallara malik olduğunu söyləyib, Natəvanın Qarabağ ədəbi mühitinin formalaşmasına, inkişafına, xalqımızın milli-mədəni irsinin zənginləşməsinə böyük töhfələr verdiyini, xeyriyyəçilik fəaliyyəti göstərdiyini vurğulayıblar.
Qeyd edək ki, Xurşidbanu Natəvan obrazını canlandıran institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəridə Həsənova, geyimin müəllifi Azərbaycan Dövlət Akademik Milli Dram teatrının modelyer-rəssamı Aygün Mahmudova, qrafika üsulu ilə çəkilən rəsmin müəllifi isə Əlyazmalar İnstitutunun baş rəssamı Fidan Səfərlidir.

Tehsil-press.az

Oxşar xəbərlər