UNEC-də seminar: Şuşanın sosial-iqtisadi dirçəlişinin türk coğrafiyasının birləşməsində strateji əhəmiyyəti

UNEC-də seminar: Şuşanın sosial-iqtisadi dirçəlişinin türk coğrafiyasının birləşməsində strateji əhəmiyyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Şuşa İli” çərçivəsində Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Şuşanın sosial-iqtisadi dirçəlişinin bütün türk coğrafiyasının birləşməsində strateji əhəmiyyəti” adlı onlayn beynəlxalq seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edildiyini xatırladıb. Şöbə müdiri bu münasibətlə universitetdə tədbirlər planının hazırlandığını və silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Daha sonra UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri professor Şəfa Əliyev “Şuşanın dirçəldilməsi türk dünyasının coğrafiyasının birləşməsində həlledici təkan kimi” mövzusunda məruzə edib. Məruzədə Şuşanın iqtisadi-tarixi inkişafının mühüm aspektlərinə toxunulub və müasir dövrdə şəhərin dirçəldilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Sonra Atatürk Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat kafedrası və İqtisadi Siyasət Bölməsinin müdiri professor Kerem Karabulutun “Müasir dövrdə Şuşanın sosial-iqtisadi dirçəlişinin türk coğrafiyasının birləşməsində strateji rolu” mövzusunda məruzəsi dinlənilib. K.Karabulut məruzəsində Türkiyə-Azərbaycan strateji əməkdaşlığının prinsipial məsələlərini açıqlayıb, Zəngəzur dəhlizinin əhəmiyyətini əsaslandırıb.
UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin üzvü dosent Mayis Əzizov “Şuşanın sosial-iqtisadi inkişafının regiona təsiri" mövzusunda məruzə ilə çıxış edib. O, Şuşa şəhərinin dirçəldilməsinin təkcə Azərbaycanın yox, bütövlükdə regionun və türk dünyasının inkişafına təsir dairəsini açıqlayıb və qiymətləndirib.
Bakı Mühəndislik Universitetinin Dünya iqtisadiyyatı kafedrasının dosentı Həzi Eynalov “Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatının inkişaf perspektivləri” mövzusunda məruzəsində bu iqtisadi rayonda kənd təsərrüfatının perspektivli sahələrinin inkişaf etdirilməsi məsələlərinə toxunub və təkliflər verib.
“Türk dünyası və turizmin inkişafı kontekstində Şuşa şəhərinin simvolu” mövzusunda məruzə edən Qazaxıstanın Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak Universitetinin Avropa Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi Kanat Maxanov Şuşanın Şuşada turizmin, o cümlədən hərbi turizmin inkişaf perspektivlərindən bəhs edib. Mövzu ətrafında maraqlı və faydalı diskussiyalar keçirilib.
UNEC-in professoru Arif Şəkərəliyev, dosentlər Mirağa Əhmədov və İlqar Xəlilov, Gəncə Dövlət Universitetinin kafedra müdiri Zakir Əhmədov müzakirə olunan problemlərə dair fikirlərini bildiriblər.
Beynəlxalq seminarın iştirakçıları bu kimi tədbirlərin faydalı olacağını və gələcəkdə bu qəbildən olan tədbirlərin iştirakçıları kimi türkdilli dövlətlərin coğrafiyasının genişləndirilməsi və digər dövlətlərdən olan tədqiqatçıların cəlb edilməsinin vacibliyini vurğulayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər