Professor Şəfa Əliyev: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldib

Professor Şəfa Əliyev: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldib Təməli Qarabağ xanı Pənahəli xan tərəfindən 1752-ci ildə qoyulmuş Şuşa şəhəri müasir dövrdə türk dünyasının coğrafiyasının birləşdirilməsində tarixi rol oynamaqdadır. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə “Şuşa İli” elan olunub. Şuşa şəhəri dünya azərbaycanlıları üçün müqəddəs bir yerdir və özünəməxsus inkişaf xüsusiyyətləri ilə fərqlənir.
Bu fikirləri UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyev söyləyib.
Professor diqqətə çatdırıb ki, Şuşa uzun illər ərzində Qarabağın mərkəzi statusu rolunda çıxış edib və Qarabağın Azərbaycanın ayrılmaz regionu kimi inkişafında strateji funksiyaları yerinə yetirib. XIX əsrdə Şuşa regionun əsas iqtisadi və ticarət mərkəzlərindən biri olub. Şuşanın ticarət əlaqələri çoxşaxəliliyi ilə fərqlənirdi. Rusiya, Hindistan, Avropa ölkələri, Cənubi Azərbaycan, xüsusilə Osmanlıdan tacirlər Şuşaya böyük həvəslə gəlirdilər. Şəhərdə 500 toxuculuq dəzgahı var idi və 50-dən çox sənət sahəsi istiqamətində sənətkarlar çalışırdılar.
SSRİ-nin yaradılmasından sonra Şuşa şəhərinin Qarabağın mərkəzi statusunun zəiflədilməsinə başlanıldı, ermənilər havadarlarının köməyilə Şuşanın inkişafını ləngitmək, bu yerləri erməniləşdirmək üçün dəridən-qabıqdan çıxırdılar. Yalnız 1970-1985-ci illərdə ulu öndər Heydər Əliyevin tarixi xidmətləri nəticəsində şəhərin dirçəldilməsi və Qarabağın mərkəzi statusunu özünə qaytarması əsasən mümkün olub.
Lakin Şuşanın azərbaycanlı ruhuna dözməyən, bu torpaqların Azərbaycana məxsusluğunu həzm etməyən erməni işğalçıları və onların ikiüzlü, hiyləgər havadarları ölkəmizin müstəqilliyini zəiflətmək və təzyiq altında saxlamaq üçün 1990-cı illərin əvvəllərində torpaqlarımızın 20 faizini, o cümlədən Şuşa şəhərini işğal etdilər.
Amma Azərbaycanın dövlətçilik atributlarını gücləndirməkdə tarixi xidmətləri olan Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti sayəsində ölkəmizdə makroiqtisadi və makromaliyyə sabitliyi təmin olundu. Neft strategiyası reallaşdırıldı və Azərbaycan beynəlxalq arenada möhkəmlənməyə başladı. Qarabağ həqiqətləri dünyaya çatdırıldı və torpaqlarımızın, o cümlədən Şuşanın işğalı ilə heç vaxt barışmayacağımız bütün dünyaya bəlli oldu.
2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük müharibədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz erməni işğalçılarını torpaqlarımızdan qovdu, Ermənistan rəhbərliyi isə kapitulyasiya aktına imza atdı. 2020-ci il noyabr ayının 8-də Şuşanın işğalçılardan azad edilməsi isə hərb tarixinə düşdü və bir qəhrəmanlıq dastanı kimi bütün dünyaya yayıldı.
Azərbaycanın haqq işində qardaş Türkiyənin strateji rolu həmişə önəmli və həlledici xarakter daşıyıb. Bu məsələlər 100 il əvvəl necə önəmli olmuşdursa, müasir dövrümüzdə daha artıq strateji səviyyəyə qalxıb. 44 günlük müharibədə qazanılan Qarabağ Zəfərində Türkiyə Azərbaycanın yanında olub və bütün dünyada haqq səsimizin daha uca çıxması üçün nə lazımdırsa düşünmədən dərhal edib.
“Azərbaycan-Türkiyə əməkdaşlığı və qardaşlığı hər bir sahədə özünü göstərməkdədir. Bütövlükdə türk dünyası və türkdilli dövlətlər üçün maksimum strateji əhəmiyyət kəsb edən tarixi bir hadisə yenə Şuşa ilə bağlı olub. 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb. Bununla da iki qardaş ölkə 1921-ci il oktyabrın 13-də imzalanmış Qars müqaviləsinə sadiq olduqlarını qətiyyətlə təsdiq edib. Digər tərəfdən, hesab edirik ki, Şuşa Bəyannaməsi Azərbaycana uzanan xain əlləri kəsməkdə və revanşist xülyalarla yuxularını qaçıranlara tutarlı bir cavab və sipər oldu.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqliyini və iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Bu strateji müttəfiqlik sənədi türk dünyasının coğrafiyasını birləşdirməkdə tarixi rol oynayacaq və çox mühüm addımlar atılmasına təkan verəcək”, - deyə professor Şəfa Əliyev bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər