Pedaqoji Universitetdə vahid sistem əsasında institusional qiymətləndirmə aparılıb

Pedaqoji Universitetdə vahid sistem əsasında institusional qiymətləndirmə aparılıb Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının iclası keçirilib.
İclasın əvvəlində rektor professor Cəfər Cəfərov universitetin alimləri Şəhla Əliyeva və Əli Zalova professor elmi adını təsdiq edən attestatlarını verib, həmçinin tədrisdə və ictimai həyatda fərqlənən tələbələri təşəkkürnamə və fəxri fərmanla təltif edib.
İclasda Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov 2021-ci il üçün ADPU-da institusional qiymətləndirmənin nəticələri haqqında hesabatla çıxış edib. O, ölkəmizdə ilk dəfə olaraq Pedaqoji Universitetdə 38 keyfiyyət göstərici üzrə vahid sistem əsasında filial, kollec, fakültələr və SABAH qruplarının institusional qiymətləndirilməsinin aparıldığını qeyd edib. Bildirilib ki, cari təqvim ilindən başlayaraq hər ilin aprelin 1-dən 20-dək keçirilən institusional qiymətləndirmənin məqsədi universitetin müxtəlif strukturlarının müqayisəli inkişaf dinamikasını və əsas inkişaf istiqamətlərini, qarşıda duran vəzifələri müəyyənləşdirməkdir. Şöbə müdiri, həmçinin yeni tədris ilindən etibarən əməkdaşların reytinq qiymətləndirmə meyarlarında aparılacaq təkmilləşdirmələr haqqında məlumat verib.
Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov 2021/2022-ci tədris ili üzrə bakalavrların yaz imtahan sessiyasının yekunları barədə məruzə ilə çıxış edib. O bildirib ki, yaz semestrinin imtahanlarında bakalavriat səviyyəsində təhsil alan tələbələrdən 8176 nəfər iştirak edib.
İmtahanlar yazılı, şifahi və hibrid formatda təşkil olunub. İmtahan sessiyası dövründə Apellyasiya Komissiyasına 2434 ərizə daxil olub ki, onlardan 61 faizində nəticələr olduğu kimi saxlanılıb, 30 faizi isə müsbət həll edilib. İmtahan qaydalarını pozduğuna görə 111 tələbənin imtahan işi ləğv olunub.
Prorektor qeyd edib ki, semestrin imtahan sessiyasının yekunlarına əsasən universitet üzrə tələbələrin müvəffəqiyyət və keyfiyyət göstəriciləri ötən ilin analoji sessiyası ilə müqayisədə bir qədər azalaraq 85 faiz və 53 faiz təşkil edib ki, bu da yenidən əyani imtahanlara keçidlə bağlıdır. Bunun əksinə, yekun dövlət attestasiyasında tələbələr buraxılış işləri üzrə 99,8 faiz, dövlət imtahanları üzrə isə 91 faiz müvəffəqiyyət əldə ediblər.
Dosent E.Aslanov yekunda bildirib ki, Pedaqoji Universitet tədrisin keyfiyyətinin artırılması üçün davamlı tədbirlər görür və bunun üçün elmi-pedaqoji heyətin səriştələrinin davamlı artırılması, beynəlxalq proqramların uğurla icrası, habelə müasir tədris təchizatının artırılması istiqamətində yeni tədris ilində də işlər davam etdiriləcək. Bu tədbirlərdə ADPU-da bütün fakültə, filiallar və kollec üzrə tələbə və magistrantlar arasında tədris, öyrənmə mühiti, təchizat, gözləntilər və digər istiqamətlərdə 8964 təhsilalanın iştirakı ilə keçirilən meqasorğunun nəticələri də nəzərə alınacaq.
Şurada elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov 2021/2022-ci tədris ili üzrə magistrlərin dissertasiya işlərinin müdafiəsi və yaz imtahan sessiyasının yekunları barədə məruzə ilə çıxış edib. O vurğulayıb ki, 296 magistrant imtahan sessiyasında iştirak edib. Onların müvəffəqiyyət və keyfiyyət göstəriciləri müvafiq olaraq 97,9 faiz və 81,37 faiz olub.
Sonda rektor C.Cəfərov qarşıda duran əsas vəzifələr haqqında danışaraq tədqiqat universitetinə çevrilmək üçün vahid plan üzrə irəliləməyin önəmini qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər