Azərbaycan Dillər Universitetində “Məzun günü” keçirilib

Azərbaycan Dillər Universitetində “Məzun günü” keçirilib Azərbaycan Dillər Universitetində (ADU) 2021/2022-ci tədris ilində bakalavr və magistratura pilləsində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirilib.
“Məzun günü” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra “Gaudeamus” tələbə himni səslənib.
Tədbirdə ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, ADU-nun əldə etdiyi nailiyyətlərdən danışıb.
Rektor otuz ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə böyük Qələbənin qazanılmasında gənclərin rolundan söz açıb, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsinin daim əziz tutulduğunu bildirib. Gənclərə öz tövsiyələrini verən akademik Kamal Abdulla vurğulayıb: “Bu gün dünyada Azərbaycanın cəsarətli siyasi, ideoloji, iqtisadi və mədəni sıçrayışına hamımız şahidik. Müasir Azərbaycanın inkişafında gənclərin rolu əvəzsizdir. İnanırıq ki, onlar Vətənə layiqli övlad kimi xidmət göstərəcəklər. Dəvətimizi qəbul edib “Məzun günü”ndə iştirak edən səfirlərə, deputatlara təşəkkürümü bildirirəm ki, bu təhsil bayramını bizimlə bir yerdə keçirirlər. Tədris prosesində sizin hər birinizin yaxından iştirakının şahidi olmuşuq, sizin dəstəyinizi hiss etmişik”.
Kamal Abdulla əlavə edib ki, ADU-nun qapıları öz məzunlarının üzünə həmişə açıq olub və bu, hər zaman belə olacaq: “Əziz məzunlar, harada olmağınızdan asılı olmayaraq, biz həmişə sizin yanınızda olacağıq. Siz bizim mənəvi dəstəyimizə həmişə arxayın ola bilərsiniz. 44 günlük Vətən müharibəsi bizim öhdəmizə böyük bir məsuliyyət qoydu. İnanıram ki, siz ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin yolunu inamla, cəsarətlə, layiqincə davam etdirəcəksiniz. Öz yurdunuzun, torpağınızın, təhsil aldığınız universitetin adını həmişə ləyaqətlə ucaldacaqsınız”.
Tədbirdə daha sonra çıxış edən səfirlər, müvəqqəti işlər vəkilləri, səfirlik əməkdaşları və Milli Məclisin deputatları ADU-nun qazandığı uğurlardan, bu ali təhsil ocağının genişlənən beynəlxalq əlaqələrindən danışıb, gənclərə gələcək həyatlarında uğurlar arzulayib, təhsildə yüksək nəticələr göstərmiş tələbələrə diplom və fəxri fərmanlar təqdim ediblər.
Mərasimdə Vətən müharibəsi iştirakçısı olmuş məzun qazilərə, akademik göstəriciləri yüksək olan və fəallığı ilə seçilən məzunlara universitetin rəhbərliyi tərəfindən fəxri fərmanlar verilib.
Tədbir bədii proqramla davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər