İlahiyyat İnstitutunun rektoru: Dini radikalizm elə bir bəladır ki, bundan din də, cəmiyyət də zərər görür

İlahiyyat İnstitutunun rektoru: Dini radikalizm elə bir bəladır ki, bundan din də, cəmiyyət də zərər görür Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edənlər “Mehdinin xidmətçiləri birliyi” (İttihadü xüddam əl-Mehdi) adlı radikal təşkilata mənsubdurlar. Təşkilatın lideri 1979-cu il təvəllüdlü küveytli “din xadimi” Yasir əl-Həbibdir. İnternetdə sözügedən təşkilat və onun lideri haqqında kifayət qədər məlumat olduğuna görə, bu barədə danışmaq istəmirəm. Sadəcə olaraq törədilmiş hadisə haqqında fikirlərimi bölüşmək istəyirəm.
Londondakı hadisədən sonra diqqətimi çəkən ən mühüm məqam ondan ibarət oldu ki, dini, məzhəbi, siyasi kimliyindən asılı olmayaraq, Azərbaycan xalqının böyük əksəriyyəti eyni mövqedən çıxış edərək dövlətçiliyimizə, dövlətçiliyimizin atributlarına nə qədər bağlı olduqlarını nümayiş etdirdi. Bu və daha əvvəl radikalların xüsusilə sosial şəbəkələr vasitəsilə müqəddəs dəyərləri istismar edərək inanclı insanları istədikləri məcraya yönəltmək cəhdləri puç oldu. Onlara qarşı ilk sərt reaksiya verənlər arasında inanclı insanlarımız xüsusən seçildi. Bizim xalq budur!
Bu fikirləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov deyib. O bildirib ki, mənfur qüvvələr nə qədər çalışsalar da, maliyyə imkanlarından istifadə edərək zəhərli ideyalarını nə qədər yaymağa cəhd göstərsələr də, heç vaxt Azərbaycan xalqı onların arxasınca getməyib və getməyəcək. Bunun ən böyük sübutu tarixdir. Məşhur coğrafiyaşünas alim Yaqut Həməvi (1179-1229) “Mücəmül-büldan” əsərində Azərbaycan əhalisinin mülayim xasiyyətli olduğunu yazır. Digər müəlliflərin də əsərlərində bənzər fikirlərə rast gəlirik. Deməli, bizim ictimai strukturumuzda heç vaxt radikal meyillər aparıcı rola malik olmayıb. Təsadüfi deyil ki, XII-XIII əsrlərdə yaxın ətrafımızda o dövrün radikal dini təşkilatı olan həşşaşiliyin (həşişilik) mənsubları at oynatdığı halda, Gəncədə xalq onları radikal fəaliyyətlərinə görə linç etmişdi.
“Bu hadisə, eyni zamanda, bizə özlərini guya din müdafiəçisi kimi qələmə verən radikalların əsl mahiyyətini anlamağa kömək etdi. Gördük ki, özünə İslam müdafiəçisi deyən belə qruplar əslində islami dəyərlərdən nə qədər uzaqdırlar. Uzaq olmasalar üstündə İslamı simvolizə edən rəngi daşıyan bayrağımızı yerə atmazdılar. Onlar bunu etməklə islami dəyərləri də tapdaladılar. Belə qruplar dini dəyərləri insanların gözündən salmaq işində də mahirdir. Sözügedən qrup guya Əhli-beytin, İmam Hüseynin yolundan getdiyini iddia edir. Halbuki Əhli-beytin təbliğ etdiyi dəyərlərdən nə qədər də uzaqdırlar! Əhli-beyt imamları öz əxlaqi keyfiyyətləri ilə yaşadıqları dövrdə hətta onlara qarşı çıxanların belə, təqdirini qazanmışdılar. Azərbaycanda həm keçmişdə, həm də dövrümüzdə xalq və dövlət səviyyəsində Əhli-beytə böyük hörmət, ehtiram göstərilib. Məhz bu ehtirama görə, hələ iqtisadi baxımdan ölkəmizin zəif olduğu bir dövrdə, 1994-cü ildə ulu öndər Heydər Əliyev sovet dövründə yerlə-yeksan edilmiş Bibiheybət məscidinin inşa edilməsi barədə Sərəncam imzalayıb və 1998-ci ildə məscidin açılışında iştirak edib. 2008-ci ildə isə məscid rekonstruksiya edilib və Prezident İlham Əliyev açılışda iştirak edib. Əhli-beyt yadigarlarına aid başqa bir ziyarətgah - Gəncə İmamzadəsi də ölkə rəhbərinin Sərəncamı ilə demək olar ki, yenidən inşa edilib. Belə faktlar çoxdur və bunlar Azərbaycan dövlətini Əhli-beytə qarşı olmaqda ittiham edənlərin yalanlarının qarşısında böyük bir sipər kimi durur.
Belə bir kəlam var: Ən təhlükəli yalan, içində düz olan yalandır. Radikal qrupların düşüncələri məhz belədir. Onlar öz yalanlarının içinə dini terminləri, hamının ehtiram göstərdiyi şəxslərin kəlamlarını qataraq zəhərli ideyalarını insanlara şirin göstərməyə çalışırlar. Amma bunu etməklə ilk növbədə dini dəyərləri gözdən salmağa, çirkin göstərməyə xidmət edirlər. Təəssüf ki, İslam dünyasında bunlara inanan cahil insanlar tapılır. Yaxın Şərqi məzhəb ədavəti məkanına və qan gölünə çevirən məhz belə qruplardır. Bir neçə il əvvəl BBC “Yayım nifrəti azadlığı” (Freedom to Broadcast Hate) adlı sənədli film hazırlamışdı. Bu filmdə İslam dünyasında məzhəblərarası ədavət yaradan şəxs və qruplardan, onların maliyyə mənbələrindən söhbət açılırdı. Orada iki iraqlı ailənin faciəsi diqqətimi xüsusilə cəlb etdi. Bu ailələrdən biri şiə məzhəbinə mənsub idi və ailənin 3 oğlu radikal bir “sünni” qruplaşmasının məhəlləyə qoyduğu bombanın partlaması nəticəsində həyatlarını itirmişdi. İkinci ailə sünni məzhəbinə mənsub idi. Ailə başçısını radikal “şiə” qruplaşması öldürmüşdü. Evin xanımı isə şiə məzhəbinə mənsub idi. Xanımın sözləri insanın ürəyini dağlayırdı: “Ərim sünni idi, mən isə şiə. O, şiələri sevirdi. Mənim məzhəbimdən olduğunu iddia edənlər onu öldürdü. İndi uşaqlarım mənə deyir ki, atamızı sizinkilər öldürüb. Bu səbəbdən onlar xala və dayılarıgilə getmir, onlarla danışmırlar. İki od arasında qalmışam. Bu hadisələrdən hər iki tərəf uduzdu, həm şiələr, həm sünnilər. İndi siz mənə deyin, bunun günahkarı kimdir?”. Qadının sualı qarşısında mənəvi əzab çəkdiyimi xatırlayıram. Özümü da bu sualın ünvanlandığı şəxslərdən biri kimi hiss etdim, özümü də günahkar saydım. Ona görə ki, mən də ilahiyyatçı aliməm. Fikrimcə, İslam dünyasının bütün alimləri və ziyalılarıdır qadının sualının müxatəbləri. İslam dünyasındakı ilahiyyatçı alimlər olaraq dinin mötədil mahiyyətini və radikal qrupların əsil simasını insanlara yetərincə çatdırmamışıq ki, cəhalət və ədavətin zəhərli toxumlarını cəmiyyətə səpən belə radikal qruplar az da olsa, özlərinə tərəfdar tapa bilirlər. Əlbəttə, radikalizmin yaranma və yayılmasında təkcə dini səbəblər rol oynamır. Məsələnin siyasi, ictimai, psixoloji və iqtisadi aspektləri də var.
Amma mən bir ilahiyyatçı olaraq dini səbəblər haqqında fikir yürüdə bilərəm.
Fikrimcə, radikalların dini baxımdan yol verdikləri bir çox metodik yanlışlar var. Bunları belə sıralamaq mümkündür:
1.Dini mətnləri (Quran və hədislər) kontekstdən çıxararaq təqdim etmək. İslam dini üzrə mütəxəssislər yaxşı bilirlər ki, Quran ayələrinin səbəbi-nüzulu, yəni nazil olma səbəbləri var. İslam alimləri də hökm verərkən bunu nəzərə alırlar. Hədislərdə isə buna səbəbi-vürud deyilir. Məsələn, əgər məkkəli bütpərəstlərlə döyüş əsnasında nazil olan ayələrin və ya Peyğəmbərimizin hədislərinin səbəbi-nüzulunu bir kənara qoyub, onları günümüzdə tətbiq etməyə çalışsaq, radikalizm çuxuruna düşməkdən qurtula bilmərik. Radikal qrupların, demək olar ki, hamısı bu nüansı nəzərə almır. Məhz belə yanaşmanın nəticəsidir ki, məsələn, onlar Əfqanıstanda müsəlmanların əsrlər ərzində toxunmadığı və hətta qoruduğu Budda heykəllərini İslamdan əvvəl Kəbədə mövcud olmuş bütlərlə müqayisə edib dağıtdılar.
2.Dini müəyyən bir dövrlə məhdudlaşdırmaq. Radikalların əsas səhvlərindən biri də İslamı müəyyən bir dövrə həbs edərək zaman və məkana uyğunlaşdırmamaqdır. Bu da nəticədə İslam dininin ümumbəşəriliyinə və bütün dövrlərə xitab etmə xüsusiyyətinə xələl gətirir. Əlbəttə ki, dinimizin ən təməl prinsipləri dəyişməz olmaqla zaman və məkanın fövqündədir. Məsələn, Tövhid prinsipinin dəyişməsindən və ibadətlərin dəyişməsindən söhbət gedə bilməz. Lakin zaman və məkanla əlaqəli elə hökmlər var ki, zamanın dəyişməsi ilə onların da dəyişməsi labüddür. Əks halda müsəlmanlar öz dövrlərinə uyğunlaşmaz və bu, həm İslamın geridə qalmış bir din kimi təqdim olunması ilə, həm də müsəlmanların geri qalmaları ilə nəticələnər. Qurani-Kərim “gözəl söz” kimi təqdim etdiyi İslamı belə xarakterizə edir: “Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (İslam) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (İbrahim, 14/24-25)”
Ayədəki “möhkəm kök” İslamın ümdə əsaslarıdır. Bu əsaslar dəyişən dünyanın selinə qapılıb yox olmamaq üçün müsəlmanlara dəyişməyən prinsiplər verir. “Ağacın hər vaxt bəhrə verən budaqları” isə İslamın dəyişən zaman və məkana uyğunlaşan tərəfidir. İslam elə bir sistemdir ki, kökü, yəni əsas prinsipləri sabit olmaqla birlikdə, bu sabit prinsiplər hər dövrdə öz bəhrəsini verir, yəni köhnəlmir və özünü dövrə uyğunlaşdıraraq hər dövrün insanına xitab edir. Budaqlar yenilənməzsə quruyar, qurumuş budaqları daşıyan gövdə isə bəhrə verə bilməz və nəticədə o da quruyar. İslama dövrün və məkanın şərtlərini nəzərə almadan yanaşan radikal qrupların bu fəaliyyətləri əslində İslamın kökünü qurudur və fərqində olsalar da, olmasalar da onlar İslamın ümumbəşəri bir din kimi gözdən düşməsinə və məhəlliləşməsinə xidmət edirlər.
Nəticə olaraq dini radikalizm elə bir bəladır ki, bundan din də, cəmiyyət də zərər görür. Bir də ölkəmizdəki tolerant mühiti pozmağa çalışan qüvvələr, bilərək və ya bilməyərək onların proksi mübarizəsinin alətinə çevrilənlər anlamalıdırlar ki, Azərbaycan inanclıları Həzrət Peyğəmbərin bu hədisini yaxşı dərk edirlər: “Mömin bir ilan yuvasından iki dəfə sancılmaz”, - deyə rektor Aqil Şirinov bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər