Türkiyəli diplomat Hüseyn Cavidin ev-muzeyində olub

Türkiyəli diplomat Hüseyn Cavidin ev-muzeyində olub Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mehmet Emin Kiraz Hüseyn Cavidin ev-muzeyində olub.
Muzeydə M.E.Kiraza böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat və yaradıcılığı, ictimai-pedaqoji fəaliyyəti, faciəli taleyi haqqında, böyük ədibin xatirəsinin əbədiləşdirilməsi, Bakıda və Naxçıvanda ev-muzeylərinin yaradılması, məzarının uzaq Sibirdən Vətənə gətirilməsi, Naxçıvanda məzarı üzərində məqbərəsinin ucaldılması sahəsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri barədə ətraflı məlumat verilib.
Konsul muzeyin ekspozisiya zalları ilə tanış olub, burada sərgilənən eksponatlar, xatirə əşyaları, müəllifin təsadüf nəticəsində günümüzə qədər gəlib çatan bəzi əlyazmaları, əsərlərinin müxtəlif illərdəki nəşri, pyeslərinin səhnə həyatı onun diqqətini cəlb edib.
Muzeyin əməkdaşları qonağı maraqlandıran sualları cavablandırıblar. O, muzeydə aparılan tədqiqat işləri ilə də maraqlandığını bildirib.
Mehmet Emin Kiraz muzeyin rəy kitabına ürək sözlərini yazıb, şairin ev-muzeyini ziyarətdən məmnun qaldığını bildirib, Hüseyn Cavidi “türk birliyinin ən böyük müdafiəçilərindən biri, Azərbaycanın olduğu qədər bütün türk dünyasının da fəxri” adlandırıb.
Qonağa muzeyin nəşrlərindən hədiyyə olunub.

Tehsil-press.az




Oxşar xəbərlər