Şagirdlər Hüseyn Caviddən bəhs edən filmin çəkilişlərini izləyiblər

Şagirdlər Hüseyn Caviddən bəhs edən filmin çəkilişlərini izləyiblər Böyük dramaturq və şair Hüseyn Cavidin irsinin təbliği istiqamətində Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev-Muzeyi ali və orta məktəblərlə əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirir. Bu istiqamətdə elmlə təhsilin inteqrasiyası çərçivəsində tələbə və şagirdlər üçün mütəmadi olaraq açıq dərslər təşkil edilir. Belə açıq dərslərdən biri də “Zəfər” kurslarının onuncu sinif şagirdləri üçün keçirilib.
“Hüseyn Cavid məktəblilərin gözü ilə” mövzusunda keçirilən açıq dərs zamanı muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı şagirdlərə Hüseyn Cavidin həyat yolu, sənətkarın ailə üzvlərinin taleyi və ədibin əbədiyaşar zəngin yaradıcılığı haqqında məlumat verib. G.Babaxanlı qeyd edib ki, muzeydə mütəmadi olaraq təşkil edilən bu cür dərslər məktəblilərin dünyagörüşlərinin və bədii təfəkkürlərinin inkişafında xüsusi əhəmiyyətə malikdir.
Ədibin yaşadığı dövr, həyatı, yaradıcılığı və muzeyin zəngin eksponatları haqqında şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Sonra Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən “Həqiqət istərəm, yalnız həqiqət” sənədli televiziya filmi haqqında şagirdlərə məlumat verilib. Filmin çəkilişlərini canlı izləyən şagirdlər Mişkinaz xanım obrazını canlandıran Xalq Artisti Səidə Quliyeva ilə tanış olublar.

Tehsil-press.az

Oxşar xəbərlər