Növbəti tədris ilində xaricdə təhsil alacaq tələbələrlə görüş təşkil olunub

Növbəti tədris ilində xaricdə təhsil alacaq tələbələrlə görüş təşkil olunub Hökumətlərarası təqaüd proqramları (HTP) çərçivəsində 2022-2023-cü tədris ilində Macarıstan, Çin, Rumıniya və Türkiyədə təhsil almaq hüququ qazanmış bir qrup tələbə ilə görüş keçirilib.
Görüşdə Mədəniyyət Nazirliyinin şöbə müdiri Aqil Günəşov, Xarici İşlər Nazirliyinin şöbə müdiri Günay Rəhimova, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Xıdır Kazımov, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktoru Rafael Hacıbəyli, “Azərbaycan-Macarıstan Məzunları” İctimai Birliyinin sədri Mirgünay Bayramova, “Azərbaycan-Çin Məzunlar Assosiasiyası”nın sədri Hikmət Zeynallı iştirak edib.
Elm və təhsil nazirinin müavini Muxtar Məmmədov xaricdə dövlət hesabına təhsil imkanlarının genişləndiyini, müxtəlif imkanlardan faydalanan gənclərin sayının ildən-ilə artdığını diqqətə çatdırıb. Azərbaycan gənclərinin xaricdə təhsil almasının əhəmiyyətinə toxunan nazir müavini onların ölkəmizin dinamik inkişaf prosesinə, o cümlədən Qarabağın dirçəldilməsinə töhfə verəcəklərinə əminliyini ifadə edib.
Tədbirdə iştirak edən digər rəsmilər tələbələrə təhsil alacaqları ölkələrdə Azərbaycanın mədəniyyəti, tarixi və incəsənətinin təbliği, vətənpərvərlik məsələsinin daim diqqətdə saxlanılması ilə bağlı tövsiyələrini çatdırıb.
Görüşdə HTP çərçivəsində xaricdə təhsilə dair statistik məlumatlar, eyni zamanda, fəaliyyətə dair videoçarx təqdim olunub. Görüşdə iştirak edən ictimai birliklər tərəfindən tələbələrə oriyentasiya məqsədli çıxışlar edilib.
Tələbələr öz fikirlərini bölüşüb, onları maraqlandıran suallarla bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə Macarıstanda 149, Çində 31, Latviyada 10, Rumıniyada 3 və Türkiyədə 7 nəfər təhsil almaq hüququ qazanıb. Tələbələr təhsilini sözügedən ölkələrin aparıcı ali təhsil müəssisələrində, bakalavriat, baza ali tibb təhsili, magistratura və doktorantura səviyyələrində ölkənin iqtisadi inkişafı üçün zəruri olan ixtisas sahələrində davam etdirəcəklər.

Tehsil-press.az


Oxşar xəbərlər