Təhsil naziri xaricdə akademik fəaliyyətlə məşğul olan bir qrup soydaşımızla virtual görüş keçirib

Təhsil naziri xaricdə akademik fəaliyyətlə məşğul olan bir qrup soydaşımızla virtual görüş keçirib Təhsil naziri Emin Əmrullayev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Vətən müharibəsindəki Qələbə münasibətilə xaricdə akademik fəaliyyətlə məşğul olan, dünyanın aparıcı universitetlərində çalışan bir qrup həmyerlimizlə virtual şəkildə görüş keçirib.
Görüşün əsas məqsədi xaricdə akademik fəaliyyətlə məşğul olan soydaşlarımızın ölkəmizdə təhsil sahəsinin inkişafı ilə bağlı təkliflərini dəyərləndirmək, eyni zamanda, bu sahədə aparılan islahat və görüləcək işlər barəsində həmyerlilərimizi məlumatlandırmaqla yanaşı, onların bu prosesə fərdi töhfəsini müəyyən etməkdən ibarət olub.
Görüşdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan, dünyanın qabaqcıl xarici ali təhsil müəssisələrində elmi araşdırma ilə məşğul olan məzunlar, eyni zamanda, digər təqaüd proqramları və ya şəxsi vəsaiti hesabına xaricdə təhsil alan və hazırda xarici ali təhsil müəssisələrində akademik heyətdə təmsil olunan şəxslərin bir qismi iştirak edib.
Tədbir iştirakçıları ölkəmizdə elm və təhsilin inkişafı üçün xarici təcrübədən yararlanmaq məqsədilə fikir mübadiləsi aparıb, ali təhsil müəssisələrində tədris və tədqiqatın inkişaf etdirilməsi üçün təkliflərini səsləndiriblər.
Qeyd olunub ki, görüşdə səsləndirilən təkliflərin aidiyyəti üzrə dəyərləndirilməsindən sonra xaricdə akademik müstəvidə təmsil olunan soydaşlarımızın tədris, təlim və tədqiqat imkanları üzrə töhfəsi nəzərdən keçiriləcək və ictimaiyyətə müvafiq şəkildə məlumat veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər